Meta süperzəka üçün nəhəng süni intellekt mərkəzləri inşa edəcək

Meta-nın qurucusu Mark Zukerberq ABŞ-da nəhəng süni intellekt məlumat mərkəzləri tikmək üçün yüz milyardlarla dollar sərmayə yatıracaqlarını açıqlayıb.
Zukerberqin sözlərinə görə, ilk çox böyük gigavatlıq məlumat mərkəzi olan Prometheus 2026-cı ildə fəaliyyətə başlayacaq və Ohayo ştatının Nyu Albany şəhərində inşa ediləcək.
Digər nəhəng mərkəz olan Hyperion isə Luiziana ştatında qurulacaq və 2030-cu ilə qədər tam gücü ilə işləyəcək vəziyyətə gələcək. Zukerberq bildirib ki, bu məlumat mərkəzlərindən biri Manhetten adası böyüklüyündə bir ərazini əhatə edəcək.
Meta-nın əsas məqsədi “superintelligence” (süperzəka) adlandırdığı – yəni ən ağıllı insanlardan belə üstün düşünmə qabiliyyətinə malik süni intellekt texnologiyaları inkişaf etdirməkdir.
Zukerberq “Threads” platformasında yayımladığı açıqlamada Meta-nın çoxsaylı nəhəng miqyaslı məlumat mərkəzi klasterləri (titan cluster) inşa etdiyini bildirib. O qeyd edib ki, bu klasterlərdən biri təkcə Manhettenin böyük bir hissəsi qədər ərazini tutur.
“Süperzəkanı inşa etmək üçün yüz milyardlarla dollar investisiya qoyacağıq. Mərkəzlərimizə onların miqyasına və təsirinə uyğun adlar vermişik” – deyə Zukerberq əlavə edib.
Meta 2024-cü ildə 160 milyard dollardan çox gəlir əldə edib. Şirkətin gəlirlərinin böyük hissəsi hələ də onlayn reklamlardan gəlir.
Cambrian AI Research analitiki Karl Freund isə BBC-yə açıqlamasında bildirib ki, Zukerberq süni intellekt yarışında zirvəyə çıxmaq üçün pul xərcləməkdə qərarlıdır. Meta-nın işçiləri dünyanın ən qabaqcıl AI avadanlıqlarına çıxış əldə edəcəklər.
Zukerberqin açıqlamasından sonra Meta-nın səhmləri 1 faiz bahalaşıb. 2025-ci ilin əvvəlindən bu yana isə 20 faizdən çox artım qeydə alınıb.
Qeyd edək ki, hazırda dünyada təxminən 10 minə yaxın məlumat mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyəti ABŞ-da yerləşir, daha sonra isə Birləşmiş Krallıq və Almaniya gəlir.
Lakin AI ilə işləyən məlumat mərkəzləri olduqca böyük enerji və su istehlakı ilə diqqət çəkir. Bəzi araşdırmalara əsasən, bu cür mərkəzlər 2027-ci ilə qədər qlobal miqyasda 1,7 trilyon gallon (təxminən 6,5 trilyon litr) su sərf edə bilər.
Məsələn, tək bir süni intellekt sorğusu – məsələn, ChatGPT cavabı – bir balaca su şüşəsi qədər su istehlak edə bilir.