Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” seçildi


Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” fəxri adına layiq görülüb.



Mərkəzin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Sahib Paşazadə 10 ildən artıqdır ki, Özbəkistanda təşkil edilən mədəni tədbirlərin fəal iştirakçısıdır. Tarzən dəfələrlə Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və bir çox şəhərlərində keçirilən çoxsaylı mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.



Məhz bu məhsuldar fəaliyyət nəticəsində hazırda Sahib Paşazadənin rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzi Özbəkistanın bir çox ali təhsil müəssisələri və muğam üzrə mərkəzləri ilə birgə əməkdaşlıq haqqında memorandum imzalayıb. Eyni zamanda Özbəkistanın musiqi təhsili müəssisələrində ustad dərsləri ilə çıxış edən tarzənin yüksək peşəkarlığı nəzərə alınaraq bu ali təhsil müəssisələrinin “Fəxri professoru” adına layiq görülüb.



Həmçinin bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalı və UNESCO və ICESCO-nun himayəsi ilə təşkil edilən II Türk Dünyası Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edən Sahib Paşazadə Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adını da alıb. Fəxri professor diplomunu Sahib Paşazadəyə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.



O, bildirilib ki, Sahib Paşazadə Özbəkistan və Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu diplomla təltif olunur. İstedadlı tarzən fəaliyyətinə göstərilən diqqətə görə institutun rektoru Eldor Şermanova təşəkkürünü bildirib.



Qeyd edib ki, hər iki xalq bir-birinin mədəniyyətindən zaman-zaman bəhrələnib və uzun illərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da ortaq musiqi irsimizin zənginləşməsinə zəmin yaradır.



Xatırladaq ki, bundan əvvəl Əməkdar artist Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına da layiq görülmüşdü.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu