Tramp Ukraynaya ATACMS raketlərindən istifadəyə icazə verə bilər


ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün mövcud 18 ədəd uzaqmənzilli ATACMS raketindən istifadə etməyə icazə verə bilər.



AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbəyə istinadla məlumat yayıb.



Bildirilir ki, Tramp eyni zamanda Ukraynanın ehtiyacları üçün əlavə ATACMS raketlərinin də göndərilməsinə göstəriş verə bilər. Bu raketlərin uçuş məsafəsi 300 kilometrdir.



Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son aylar ərzində Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketləri ilə Rusiyanın ərazisinə daha genişmiqyaslı zərbələr endirmək üçün icazə verilməsinin vacibliyini vurğulayır.



Qeyd edək ki, iyulun 14-də Tramp bildirmişdi ki, əgər Avropa ölkələri Ukraynaya silah və hərbi texnika tədarükünün maliyyələşməsini öz üzərinə götürsə, Vaşinqton bu yardımı davam etdirəcək. O, bu prosesin NATO tərəfindən koordinasiya olunacağını da qeyd edib.



Tramp 50 gün ərzində Moskva və Vaşinqton arasında Ukrayna üzrə razılaşma əldə olunmasa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100 faizlik gömrük rüsumu tətbiq edəcəyini deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu