Fransa Milli Assambleyası evtanaziya haqqında qanun layihəsini qəbul edib
Fransa Milli Assambleyası uzun sürən müzakirələrdən sonra evtanaziya, yəni "ölümə yardım hüququ"nu nəzərdə tutan qanun layihəsini qəbul edib.
AFN.az "Euronews"a istinadən xəbər verir ki, qanun layihəsi Prezident Emmanuel Makronun ikinci prezidentlik dövrünün əsas vədlərindən biri hesab olunur.
Sənədə əsasən, yalnız həyatı təhlükə altında olan, sağalmaz və ağır xəstəlikdən əziyyət çəkən, dözülməz fiziki və ya psixoloji ağrıları olan yetkin yaşlı Fransa vətəndaşları bu hüquqdan istifadə edə biləcəklər.
Qanun layihəsi Milli Assambleyada üç dəfə qəbul olunsa da, Senat onu hər dəfə rədd edib. Buna baxmayaraq, parlamentin yekun səsverməsində sənəd təsdiqlənib.
Məlumata görə, layihənin ilkin variantında yer alan xəstənin gözlənilən ömür müddəti ilə bağlı meyar sonradan sənəddən çıxarılıb. Buna səbəb həkimlərin belə proqnozun dəqiq müəyyən edilməsinin mümkün olmadığını bildirməsi olub.


