"SpaceX" raketinin qalıqları Polşaya düşüb

Polşada "SpaceX"in "Falcon 9" raketinin qalıqları tapılıb. Səlahiyyətlilər bildiriblər ki, fraqmentlər Ukrayna ərazisində də düşmüş ola bilər.
Çərşənbə günü saat 03:30 radələrində Avropanın şimalındakı səma sürətlə hərəkət edən obyekt tərəfindən işıqlanıb.
Mütəxəssislər bu hadisənin "SpaceX"in "Falcon 9" raketinin yer atmosferinə yenidən daxil olması səbəbindən baş verdiyini bildiriblər.
Yerli vaxtla saat 10:00 radələrində (GMT 09:00) Polşanın Komorniki şəhərindəki anbar sahibi Adam Borucki anbarının arxa hissəsində ölçüsü təxminən 1,5 metrin 1 metrə olan yanmış çən tapıb. Dağıntıların anbara məxsus işıqlandırma sisteminə də ziyan vurduğu müəyyən edilib.
Borucki vəziyyəti polisə xəbər verib. Polşa Kosmik Agentliyi (Polsa) ilə apardıqları araşdırmalarda polis qrupları obyektin İlon Maskın "SpaceX" şirkəti tərəfindən istehsal edilən "Falcon 9" raketinə aid olduğunu müəyyən edib.
Polşa polisi oxşar dağıntıların Viri kəndi yaxınlığındakı meşədə tapıldığını bildirib.
Polsa "Falcon 9" raketinin 19 fevral 2025-ci il saat 04:46 ilə 04:48 arasında Polşa üzərində nəzarətsiz şəkildə atmosferə daxil olduğunu təsdiqləyib.