Nanotyrannus skeleti hərracda 47,3 milyon dollara satılıb
Bir vaxtlar gənc Tirannozavr reksi (T. rex) ilə səhv salınan və yeni növ kimi müəyyənləşdirilən dinozavrın birləşdirilmiş skeleti hərracda 47,3 milyon dollara satılıb.
AFN.az xəbər verir ki, Jodi ləqəbi verilən, təxminən 3 metr uzunluğundakı skelet Nyu-Yorkda Sotheby’s hərrac evi tərəfindən satışa çıxarılıb.
Satış tədqiqatçıların skeletin fərqli bir cinsə aid olduğunu təsdiqləməsindən bir il sonra baş tutub. Son Təbaşir dövründə yaşamış ətyeyən dinozavrın çərşənbə axşamı keçirilən hərracda ən azı 9 milyon dollara satılacağı gözlənilirdi.
Hərrac Sotheby’s-in iyul ayında Qus adlı Tirannozavr reksi skeletini 50,1 milyon dollara satmasından sonra keçirilib.
Satış dinozavr qalıqlarının şəxsi kolleksiyalarda saxlanılması, yoxsa ictimaiyyətə açıq şəkildə nümayiş etdirilməsi ilə bağlı elm dünyasındakı mübahisələri yenidən alovlandırıb.
Sotheby’s Jodini təxminən 191 fosil sümük elementindən və yaxşı qorunmuş, demək olar ki, bütöv kəllədən ibarət, nümayiş etdirilməyə hazır mükəmməl skelet kimi təqdim edib. Hərrac evi Nanotyrannus cinsinə aid elmi ictimaiyyətə məlum olan cəmi üç skeletdən biri olduğunu da bildirib.
Sotheby’s qeyd edib ki, ABŞ-lı tədqiqatçıların ötən ilin oktyabrında bu cinsin mövcudluğunu təsdiqləməsindən sonra həmin nümunə satışa çıxarılan ilk skeletdir.
Altı maraqlı tərəfin iştirak etdiyi və 12 dəqiqə davam edən hərrac təkliflərindən sonra qalib alıcının kimliyi açıqlanmayıb.
Bu skelet Qusdan sonra indiyədək satılmış ən bahalı ikinci dinozavr fosili olub. Üçüncü yerdə isə Sotheby’s-in 2024-cü ilin iyulunda 44,6 milyon dollara satdığı APEKS adlı Steqozavr skeleti qərarlaşıb.
Portsmut Universitetinin paleontoloqu Meqan Ceykobs çərşənbə axşamı BBC Radio 4-ün Today proqramında bildirib ki, Nanotyrannus uzun müddət T. rex-in balası hesab edilib. Onun sözlərinə görə, skelet daha kiçik və xeyli zərif quruluşa malik olub, ət kəsməyə uyğun bıçaqvari dişləri ilə seçilib.
Tirannozavr reks və Nanotyrannus təxminən 67 milyon il əvvəl eyni geoloji dövrdə yaşayıblar. Nanotyrannus ayrıca cins kimi təsnif edilməzdən əvvəl Jodi ilk dəfə 2023-cü ilin oktyabrında Londonda keçirilən Frieze Masters beynəlxalq incəsənət sərgisində gənc T. rex kimi nümayiş etdirilib. Skelet ABŞ-nin Montana ştatında fermer Jodi Pierson tərəfindən Hell Creek geoloji formasiyasına aid öz torpaq sahəsində aşkar edilib.
Skeleti daha sonra kommersiya paleontoloqu Kleyton Fipps qazıntı yolu ilə çıxarıb. Fipps, həmçinin məşhur Döyüşən Dinozavrlar fosilini də aşkar edib. Nanotyrannus və Triseratopsun döyüş vəziyyətində qalmış qalıqlarını əks etdirən bu nümunə 2006-cı ildə Jodinin tapıldığı yerdən 13 kilometr aralıda aşkarlanıb.
Döyüşən Dinozavrlar nümunəsinin kəşfi Lindsi Zanno və Ceyms Napoli tərəfindən yayımlanan və Nanotyrannusu T. rex-dən ayrı cins kimi təsnif edən tədqiqat üçün böyük əhəmiyyət daşıyıb. Onların məqaləsi bu dinozavrların bir-birindən fərqli olub-olmaması ilə bağlı uzun illər davam edən mübahisəyə son qoyub.

