Aİ payızda Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas payızda Rusiyaya qarşı müharibənin başlanmasından bəri ən genişmiqyaslı sanksiya siyahısını təqdim etməyi planlaşdırdığını bildirib.
AFN.az xəbər verir ki, Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi və Aİ-nin sanksiya siyasəti ilə bağlı qiymətləndirmələrini bölüşüb.
Aİ-nin sanksiyalarının indiyədək Rusiyaya 1 trilyon avrodan çox maliyyə itkisinə səbəb olduğuna diqqət çəkən Kallas “Payızda Rusiyaya qarşı müharibənin başlanmasından bəri ən genişmiqyaslı sanksiya siyahısını təqdim edəcəyəm” deyib.
Yeni məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi halında sanksiya tətbiq olunan Rusiya vətəndaşları, şirkətləri və qurumlarının sayının üçdə bir nisbətində artacağını bildirən Kallas müharibə başa çatana qədər Rusiya üzərində təzyiqin artırılmasının vacib olduğunu vurğulayıb.
Kallas yeni sanksiya siyahısının əhatə dairəsi və hansı şəxsləri və ya qurumları əhatə edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 21 sanksiya paketini həyata keçirib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, həmçinin qızıl və almazı əhatə edən geniş spektrdə məhdudiyyətlər tətbiq olunur.
Dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə göndərilməsinə qoyulan qadağa, Rusiya banklarına qarşı əməliyyat məhdudiyyətləri və çoxsaylı Rusiya media qurumlarının yayım fəaliyyətlərinin dayandırılması da sanksiyalar sırasındadır.
Aİ-nin Rusiyanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətləri səbəbilə tətbiq etdiyi sanksiyalar çərçivəsində təxminən 3 min şəxs və qurum yer alır.
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbul edilməsi üçün üzv ölkələrin yekdilliklə qərar verməsi tələb olunur.


