Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 97 nəfər yaralanıb
Əfqanıstanın Kunar vilayətində orta məktəbin yaxınlığındakı evdə baş verən partlayış nəticəsində 7 nəfərin öldüyü, 97 nəfərin yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, hadisə ilə bağlı ilkin məlumatlarda partlayışın səbəbi barədə fərqli açıqlamalar verilib.
Kunar Vilayətinin İnformasiya və Mədəniyyət İdarəsinin rəhbəri Sami-ul Hak Hakbin “Tolo News” telekanalına açıqlamasında vilayətdə orta məktəbin yaxınlığındakı evdə partlayış baş verdiyini bildirib.
Hakbin partlayışdan sonra 7 nəfərin meyitinin və 97 yaralının xəstəxanaya aparıldığını qeyd edib. O, hadisənin məktəb yaxınlığındakı evdə mədən işləri üçün hazırlanmış partlayıcı maddələrin detonasiya etməsi nəticəsində baş verdiyini bildirib.
Partlayışla bağlı verilən ilk açıqlamada Kunar Vilayət Polis İdarəsinin sözçüsü Farid Dehkan hadisənin yerli vaxtla saat 10:00-da vilayətin Andar Ser bölgəsindəki orta məktəbdə baş verdiyini açıqlamışdı.
Dehkan hadisə nəticəsində ölən və yaralanan şagirdlərin olduğunu bildirsə də, partlayışın səbəbi, eləcə də ölən və yaralananların sayı barədə ətraflı məlumat verməmişdi.



