Kamerunda fil sürüsünün turistlərə hücumu nəticəsində bir nəfər ölüb
Kamerun Dağı Milli Parkının yaxınlığında yürüş edən turist qrupunun fil sürüsü ilə qarşılaşması nəticəsində İsveçrə vətəndaşı həyatını itirib, britaniyalı və amerikalı turistlər isə yaralanıblar.
AFN.az xəbər verir ki, hadisə Kamerunda baş verib.
Kamerunda təbiət yürüşünə çıxan altı nəfərlik turist qrupu noyabrın 19-da Kamerun Dağı Milli Parkının cənubundakı Bakingili kəndi yaxınlığında fil sürüsünün hücumuna məruz qalıb. Dörd britaniyalı, bir isveçrəli və bir ABŞ vətəndaşından ibarət qrupun yerli bələdçilərin müşayiəti ilə fillərin yaxınlıqdakı gölə getmək üçün istifadə etdiyi cığırla hərəkət etdiyi zaman təxminən 15 fildən ibarət sürü ilə qarşılaşdığı bildirilir. Hücum zamanı Londonda fəaliyyət göstərən İsveçrə vətəndaşı, sığorta sektorunda çalışan Alain Throo filin zərbəsi nəticəsində ağır yaralanıb. Bələdçilərdən birinin də zərbə ilə kənara atılaraq Throonun üzərinə düşdüyü qeyd olunub.
Hücumdan xilas olmaq üçün ərazidəki ağaclara və kolluqlara sığınan turistlər yaşadıqları dəhşətli anları yerli mediaya danışıb. Ağacın oyuğunda iki saat gizləndiyini bildirən britaniyalı turist filləri çox yaxınında gördüyünü, əks istiqamətdə qaçaraq kolluqlarda gizləndiyini və bu zaman qrupdan gələn qışqırıqları eşitdiyini söyləyib. Britaniyalı qadın turistlərdən biri isə hücumun ilk anlarında huşu yerində olan Throonun qolundakı yaradan şikayət etdiyini, lakin daxili qanaxma keçirə biləcəyindən narahat olduqlarını bildirib.
Fil zərbələri nəticəsində həyatını itirən Throonun cəsədi park əməkdaşları və hərbçilərdən ibarət birgə qrup tərəfindən noyabrın 21-də parkdan çıxarılaraq Limbe şəhərindəki morqa aparılıb. Hücum zamanı yaralanan ABŞ vətəndaşının isə həmin şəhərdəki xəstəxanada müalicə aldığı və sonradan evə buraxıldığı bildirilib. Throonun 13 il çalışdığı AXA XL sığorta şirkətinin İngiltərə üzrə baş icraçı direktoru Sean McGovern təcrübəli əməkdaşın ölümünü təsdiqləyərək həmkarlarının itkisi ilə bağlı dərin kədərini ifadə edib. İngiltərə Xarici İşlər Nazirliyi də yaralanan vətəndaşlarına lazımi konsulluq dəstəyinin göstərildiyini açıqlayıb.
Yerli mediada yayılan məlumatlara görə, bölgədə insanlar ilə fillər arasında son 10 ildə oxşar qarşıdurmalar yaşanır. Qərbi və Mərkəzi Afrikanın 4 min metrdən yüksək ən hündür nöqtəsi olan Kamerun Dağı ətrafında yaşayan Afrika meşə filləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən nəsli kritik təhlükə altında olan növlər sırasında göstərilir. Təbiəti Mühafizə Fondunun məlumatına görə, təbiətdə təxminən 195 min meşə fili qalıb, onların təxminən 6 mini Kamerun ərazisində yaşayır. Bu növ qanunsuz ovçuluq şəbəkələrinin təhdidi altındadır.
