Ayın səthinin altında nəhəng lava tunelləri aşkarlanıb
Alimlər Ayın cazibə sahəsindəki kiçik dəyişiklikləri təhlil edərək səthin təxminən 100 metr altında gizlənən və eni bir kilometri keçə bilən dörd nəhəng lava tuneli namizədi müəyyən ediblər.
AFN.az xəbər verir ki, yeni araşdırma Ayın yeraltı quruluşu və gələcək astronavtlar üçün mümkün sığınacaqlar barədə mühüm məlumatlar ortaya qoyub.
Alimlər uzun müddətdir Ayın vulkanik keçmişinin səthinin altında ərimiş qaya axınlarının yaratdığı çoxsaylı tunellər qoyduğunu ehtimal edirdilər. Ayın cazibə sahəsindəki kiçik dalğalanmaları araşdıran yeni tədqiqat səthin təxminən 100 metr altında gizlənən və hər birinin eni bir kilometrdən çox ola biləcək dörd yeraltı tunelin mövcudluğuna dair güclü sübutlar təqdim edib.
Çökmədən günümüzə qədər gəlib çatmış bu strukturlar bir tərəfdən Ayın geoloji tarixinə işıq salır, digər tərəfdən isə gələcək astronavtları güclü radiasiyadan və kəskin temperatur fərqlərindən qoruya biləcək təhlükəsiz sığınacaqlar kimi qiymətləndirilir.
Yer üzündə də nümunələri olan lava tunelləri axan lava çayının üst qatının soyuyub bərkiməsi və izolyasiyaedici tavan yaratması, altındakı ərimiş süxurun isə axmağa davam edərək boşluq əmələ gətirməsi nəticəsində yaranır. Lakin Ayda cazibə qüvvəsinin zəif olması, lavanın yüksək püskürmə sürəti və daha axıcı quruluşu Yerdəki nümunələrlə müqayisədə xeyli böyük yeraltı strukturların yaranmasına şərait yaradıb.
Yer səthindən orta hesabla 384 min 400 kilometr uzaqda yerləşən Ayın səthindəki dolanbac kanallar və tavanın çökməsi nəticəsində yarandığı düşünülən dərin çökəkliklər bu gizli keçidlərin mövcudluğuna dair ilk ipuclarını verirdi.
İçi boş tunel eyni həcmdəki bərk süxurla müqayisədə daha az kütləyə malik olduğundan onun üzərindən keçən kosmik aparatların ölçə biləcəyi səviyyədə zəif cazibə anomaliyası yaradır. NASA-nın 2011 və 2012-ci illərdə əkiz GRAIL peykləri vasitəsilə topladığı məlumatlara əsaslanan əvvəlki araşdırmalarda eni 9 kilometrə çatan mümkün tunellər irəli sürülmüşdü. Lakin sonradan bu strukturların öz tavanlarının ağırlığını daşıya bilməyəcəyi qənaətinə gəlinmişdi.
NASA-nın 2025-ci ilin mayında dərc etdiyi daha yüksək ayırdetmə qabiliyyətinə malik cazibə modelini araşdıran İllinoys Çikaqo Universitetinin yer elmləri üzrə mütəxəssisləri Xuan Losarkos və Endryu Dombard səth relyefinin təsirini nəzərə alaraq yeraltı boşluqlara işarə edən dörd güclü namizəd müəyyən ediblər.
“Icarus” jurnalında dərc olunan araşdırmaya görə, namizədlərdən biri Ayın ən böyük dolanbac kanalı olan Vallis Şröteri yaxınlığında, biri Rima Mairan bölgəsində, digər ikisi isə Vollaston krateri ətrafında yerləşir.
Enlərinin iki kilometrdən az olduğu və 100 metr qalınlığında süxur qatının altında yerləşdikləri hesablanan bu dörd strukturun açıq lava axınının üzərinin örtülməsi nəticəsində deyil, kiçik yeraltı kanallardan axan ərimiş süxurun ətrafındakı qayaları əridib aşındırması ilə zamanla genişləndiyi düşünülür.
Tədqiqatçılar mövcud nəticələrin süxurların sıxlığındakı fərqlərdən də qaynaqlana biləcəyini bildirərək tunellərin mövcudluğunu dəqiq təsdiqləmək üçün gələcəkdə radar müşahidələrinə və daha ətraflı xəritələşdirmə işlərinə ehtiyac olduğunu vurğulayıblar.

