Dünyada şirin su ehtiyatları kəskin azalıb: İki ildə təxminən 10 faiz itki qeydə alınıb
2023-2024-cü illərdə dünyada şirin su ehtiyatlarının kəskin azalması müşahidə olunub.
AFN.az-ın “Science” jurnalında dərc olunan tədqiqatın nəticələrinə istinadən yaydığı məlumata görə, göllərdə və su anbarlarında şirin su ehtiyatları 1991-2020-ci illərin orta göstəriciləri ilə müqayisədə təxminən 10 faiz azalıb.
Tədqiqatın müəllifləri 1991-2025-ci illər ərzində dünyada çay axınlarının, göllərdə və su anbarlarında su ehtiyatlarının dəyişməsini araşdırıblar. Onlar müəyyən ediblər ki, 1991-2007-ci illərdə su ehtiyatları azalsa da, bu prosesin sürəti ciddi narahatlıq doğuracaq səviyyədə olmayıb. Lakin 2023-2024-cü illərdə vəziyyət kəskin şəkildə pisləşib. Göllərdə və su anbarlarında şirin su ehtiyatları 1991-2020-ci illərin orta göstəriciləri ilə müqayisədə təxminən 10 faiz azalıb. Tədqiqat müəllifləri bu yeni azalma tempini araşdırdıqları tarixi dövr ərzində misli görünməmiş hadisə kimi qiymətləndiriblər.
Ən ağır vəziyyət Cənubi Amerikada qeydə alınıb. Bu bölgədə çay axınları 17,8 faiz, yerüstü su ehtiyatları isə 16,5 faiz azalıb.
Alimlər baş verənləri Sakit okeandakı El-Nino hadisəsi ilə tropik Şimali Atlantikada eyni vaxtda müşahidə olunan istiləşmənin qeyri-adi qarşılıqlı təsiri ilə izah ediblər.
2026-cı ilin yayında içməli su çatışmazlığının artıq yalnız quraq bölgələrin problemi olmaqdan çıxdığı barədə məlumat yayılmışdı. Çayların, göllərin və inkişaf etmiş infrastrukturun mövcudluğu səbəbindən su təhlükəsizliyinin təmin olunacağı gözlənilən ölkələrdə də su böhranının əlamətləri müşahidə edilməyə başlanıb.

