Şirin sular oksigensiz qalır: Qlobal böhran qapıdadır


Alimlər aşkar ediblər ki, şirin su ehtiyatları sürətlə oksigen itirir, insan fəaliyyəti nəticəsində qlobal ekoloji böhrana çevrilir.



Utrext Universitetinin rəhbərlik etdiyi və “Science Advances” jurnalında dərc edilən hərtərəfli araşdırma şirin su ehtiyatlarında böyük oksigen böhranına işarə edir. Alimlərin fikrincə 1900-cü illərdən bəri insan fəaliyyəti göllərdə, çaylarda və bəndlərdə oksigen balansını pozub. Araşdırmalara görə, bu proses indi qlobal miqyasda ekoloji böhrana çevrilib.

Şirin suda oksigen təkcə sualtı həyat üçün deyil, karbon və azot dövrləri kimi fundamental proseslər üçün də vacibdir. Ancaq oksigen səviyyəsi müəyyən bir həddən aşağı düşdükdə, hipoksiya adlanan bir vəziyyət meydana gəlir. Bu, balıqların ölümünə, qida zəncirinin dağılmasına və suyun keyfiyyətinin pisləşməsinə səbəb olur. Tədqiqatçıların fikrincə bu problem artıq təkcə yerli deyil, qlobal təhlükədir.

Alimlər ilk dəfə olaraq dünya miqyasında şirin su ehtiyatlarının oksigen istehsalı və istehlakını modelləşdiriblər. Nəticələr bu sistemlərin daha çox oksigen istehlak etdiyini ortaya qoyub. Başqa sözlə, şirin su indi atmosferdən oksigeni çəkən bataqlıq kimi fəaliyyət göstərir. İllik oksigen istehlakı təxminən 1 milyard tona çatır. Bu miqdar okeanların atmosferə buraxdığı oksigenin yarısına uyğundur.

Tədqiqat aparan qrup vurğulayır ki, bu deqradasiyanın əsas səbəbi insanla bağlıdır. Kənd təsərrüfatı fəaliyyətləri, həddindən artıq gübrələmə, çirkab suların şirin suya qarışması və bənd tikintisi kimi birbaşa təsirlər həddindən artıq oksigen istehlakına səbəb olur. Yosunların çiçəklənməsindən sonra baş verən parçalanma prosesi də sudakı oksigenin çox hissəsini istehlak edir.

İqlim dəyişikliyi də bu vəziyyəti daha da ağırlaşdırır. Artan temperatur oksigenin suda həllini çətinləşdirir. Ancaq araşdırmalar göstərir ki, temperaturun bu prosesə töhfəsi cəmi 10-20 faizdir. Bildirilir ki, əsas səbəb kənd təsərrüfatı və yenilənmə qaynaqlı birbaşa insan təsirləridir.

Şirin su ehtiyatlarının iqlim sisteminə və oksigen balansına təsiri uzun müddət diqqətdən kənarda qalıb. Lakin ekspertlərin fikrincə, bu yanaşma artıq dayanıqlı deyil.

Tədqiqatçılar bildirirlər ki, bu ekosistemləri qorumaq və oksigen itkisini dayandırmaq üçün təcili tədbirlər görülməlidir. Əks halda, şirin su ekosistemlərinin dağılması bütün planetə təsir edəcək zəncirvari nəticələrə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu