Mask: Google SpaceX-dən daha çox hesablama gücü icarəyə götürmək istəyir



Google şirkəti SpaceX-dən daha böyük hesablama gücü icarəyə götürməkdə maraqlıdır. 

AFN.az xəbər verir ki, “SpaceX” şirkətinin rəhbəri İlon Mask şənbə günü “X” sosial şəbəkəsindəki paylaşımında “Google”un şirkətdən əlavə hesablama resursları icarəyə götürmək istədiyini bildirib, lakin bununla bağlı əlavə məlumat verməyib.

Mask, SpaceX və Google şirkətləri “Reuters” agentliyinin şərh almaq üçün göndərdiyi sorğulara dərhal cavab verməyiblər.

SpaceX-in “Google” ilə artıq bir neçə ili əhatə edən bulud xidmətləri müqaviləsi var. Böyük rezonans doğuran ilkin kütləvi səhm təklifindən (IPO) əvvəl imzalanmış razılaşmanın şərtlərinə əsasən, “Google” bu ilin oktyabrından 2029-cu ilin iyun ayınadək SpaceX-ə hər ay 920 milyon dollar ödəyəcək. Müqavilə iyun ayında elan edilmişdi.

Hesablama resurslarına təxminən 110 min “Nvidia” qrafik prosessoru (GPU), mərkəzi prosessorlar (CPU), yaddaş qurğuları və digər əlaqəli komponentlər daxildir.

Generativ süni intellekt xidmətlərinin istifadəyə verilməsindən sonra hesablama infrastrukturlarına tələbat kəskin artıb. Bu, texnologiya şirkətlərini “Nvidia” və digər istehsalçıların qabaqcıl çipləri ilə təchiz olunmuş məlumat mərkəzlərinə böyük investisiyalar yatırmağa sövq edib.

May ayında rəqib “Anthropic” şirkəti də SpaceX-in hesablama resurslarından istifadə etmək barədə razılığa gəldiyini açıqlamışdı.

SpaceX iyun ayında tənzimləyici quruma təqdim etdiyi sənəddə “Anthropic” və “Google” ilə hesablama gücünün təmin edilməsinə dair müqavilələrin ümumi dəyərinin 70 milyard dolları ötdüyünü açıqlamışdı.

SpaceX mövcud Memfis bölgəsindəki mərkəzindən əlavə, hesablama gücünü artırmaq istiqamətində də addımlar atır. Şirkət bu ay Texas ştatının Rio-Qrande vadisindəki Starbase ərazisində yeni superkompüter mərkəzinin, eləcə də Arizona ştatının Koçiz dairəsində ikinci kampusun yaradılması üçün 74 milyard dollardan çox vəsait yatırmağı planlaşdırdığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu