İlon Maskın trilyonçu titulu qısa çəkdi



SpaceXTesla səhmlərində baş verən kəskin enişlər texnologiya milyarderi İlon Maskın sərvətinin azalmasına səbəb olaraq onun dünyanın ilk trilyonçusu titulunu itirməsi ilə nəticələndi.

AFN.az xəbər verir ki, texnologiya dünyasının ən populyar simalarından olan İlon Mask birjada yaşanan qlobal satış dalğasından sonra trilyonçu titulu ilə vidalaşıb.

SpaceX-in tarixi səhmlərin ilkin kütləvi təklifindən sonra iyunun 12-də sərvəti 1 trilyon dollar həddini keçən ilk insan kimi tarixə düşən Mask bazarlardakı son dalğalanma ilə yenidən milyarderlər liqasına qayıdıb.

ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini artırma ehtimalı və süni intellekt sektorunda köpük yarandığına dair investorların narahatlıqları texnologiya səhmlərini alt-üst edib.

Baş verən bu qlobal enişdən sonra Maskın ümumi sərvəti "Forbes"un məlumatlarına görə 970,2 milyard dollara geriləyib.

Bazarlarda bu həftə yaşanan hərəkətlilik dəyərləri böyük ölçüdə süni intellekt investisiyalarından asılı olan nəhəng texnologiya şirkətlərinə ciddi təsir göstərib.

"Google"un ana şirkəti "Alphabet" və texnologiya istehsalçısı "Samsung" kimi nəhənglərin səhmlərində qeydə alınan kəskin azalmalar Maskın aktivlərinə də birbaşa təsir edib.

Maskın sərvətinin böyük bir hissəsinin nəğd puldan daha çox şirkət paylarına və səhmlərə bağlı olması onun bazardakı dalğalanmalardan birbaşa təsirlənməsini qaçılmaz edir.

Lakin ekspertlər "Tesla" və ya "SpaceX" səhmlərinin yenidən bahalaşacağı təqdirdə Maskın yaxın gələcəkdə trilyonçu titulunu geri qaytara biləcəyini qeyd edirlər.

Tarixin ən böyük səhmlərin ilkin kütləvi təklifindən birini həyata keçirən "SpaceX" bazara addım atdığı ilk günlərdə Maskın sərvətini zirvəyə daşımışdı.

Səhmlərin ilkin kütləvi təklifi vasitəsilə qısa müddətdə milyardlarla dollar vəsait cəlb edən aerokosmik şirkətin səhmləri ilk 24 saat ərzində 19 faiz dəyər qazanmışdı.

Son enişlərə baxmayaraq "SpaceX" səhmləri güclü mövqeyini qoruyub saxlasa da, "Tesla" ilə birlikdə yaşanan ümumi itkilər ümumi sərvətin azalmasının qarşısını ala bilməyib.

Trilyonçu titulunu itirməsinə rəğmən İlon Mask dünyanın ən zəngin insanı statusunu böyük fərqlə qoruyub saxlamağa davam edir.

Onun ən yaxın izləyicisi olan "Google"un həmtəsisçisi Larri Peycin sərvəti təxminən 284 milyard dollar səviyyəsindədir.

Maskın təkcə bu ilin əvvəlindən bəri sərvətinə əlavə etdiyi 338 milyard dollarlıq qazanc belə ən yaxın rəqibinin ümumi sərvətini geridə qoymağa kifayət edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu