Süni intellekt şifrələmə sistemlərini sındıra bilər: Rəqəmsal təhlükəsizlik təhlükə altındadır?
Alimlər süni intellektin rəqəmsal təhlükəsizlik sahəsində onilliklərdir həllini tapmayan problemləri aradan qaldıra biləcəyindən narahatdırlar.
AFN.az xəbər verir ki, tanınmış kompüter elmləri mütəxəssisləri və mərkəzi bank rəsmiləri süni intellekt modellərinin şifrələmə sahəsində mühüm irəliləyiş əldə etmiş ola biləcəyi və bunun bank məlumatlarını, eləcə də dövlət sirlərini bir neçə ay ərzində müdafiəsiz vəziyyətə sala biləcəyi barədə xəbərdarlıq ediblər.
Dünyanın ən qabaqcıl süni intellekt şirkətlərinin bankların və hökumətlərin rəqəmsal təhlükəsizliyinin əsaslarını bir neçə ay ərzində sarsıda biləcək mühüm kəşflər etdiyi iddia olunur. Nəzəri kompüter elmləri sahəsinin tanınmış mütəxəssislərindən Skott Aronson güclü süni intellekt modellərinin məxfi məlumatların şifrələnməsində istifadə olunan və onilliklərdir həll edilməmiş riyazi problemlərin həllində ciddi irəliləyiş əldə etdiyinə dair güclü məlumatların olduğunu açıqlayıb.
Bu iddiaların təsdiqlənəcəyi təqdirdə bank əməliyyatlarından diplomatik yazışmalara və şəxsi elektron məktublara qədər çoxsaylı həssas məlumatların düşünüldüyündən daha asanlıqla ələ keçirilə biləcəyi bildirilir. Belə bir ssenaridə kəşfiyyat qurumları, hökumətlər və maliyyə təşkilatları ya kommunikasiya infrastrukturlarını təcili şəkildə yeniləməli, ya da mühüm məlumatların üzə çıxması riski ilə üzləşməli olacaqlar.
Elmi ictimaiyyətdə narahatlıq artır
Mütəxəssislərin narahatlığı son həftələrdə aparıcı süni intellekt şirkətlərinin açıqladığı bir sıra nəzəri riyazi irəliləyişlərlə bağlıdır. London Universitet Kollecinin kompüter elmləri üzrə professoru Stiven Mördok süni intellektin əhəmiyyətli riyazi əməliyyatlar həyata keçirə bilməyəcəyini düşünənlərin yanıldığını vurğulayaraq, texnologiyanın imkanlarının artıq əvvəlcədən proqnozlaşdırıla bilmədiyini bildirib.
Riyaziyyatçı Markus dü Sautua isə elektron məlumatların məxfiliyini qoruyan fundamental problemlər barədə heç kimin danışmamasını diqqətçəkən hal kimi qiymətləndirib. O, şirkətlərin bu problemi artıq həll etmiş və bunun yarada biləcəyi nəhəng təsirlərə görə susmağa üstünlük vermiş ola biləcəyini qeyd edib.
Kvant kompüterləri gözləmədən təhlükə yaxınlaşıb
Hökumətlər və banklar mövcud şifrələmə alqoritmlərini sındıra biləcək gücə malik kvant kompüterlərinə qarşı illərdir hazırlıq görürdülər. Lakin kvant texnologiyasının bu səviyyəyə çatmasına hələ illər qaldığı proqnozlaşdırılırdı. Təşkilatların daha təhlükəsiz şifrələmə standartlarına keçid üçün müəyyən etdiyi 2032-ci il hədəfinə doğru irəliləyiş də ləng gedirdi. Mütəxəssislərin fikrincə, süni intellektin kriptoqrafiya sahəsində qəfil sıçrayışı təhlükəni illər sonrasından cəmi bir neçə ay sonrayadək yaxınlaşdırıb.
Surrey Universitetinin kompüter elmləri üzrə professoru Alan Vudvord belə bir riyazi kəşfin sabah səhər dərhal qlobal xaosa səbəb olmayacağını, lakin əsas dəyişikliyin süni intellektin onilliklərdir sirr olaraq qalan problemləri həll etmə sürətində olduğunu vurğulayıb. İngiltərə Bankının sədri Endrü Beyli də OpenAI və Anthropic kimi şirkətlərin kriptoqrafiya sahəsində mümkün nailiyyətlərinə toxunaraq, bu firmaların yeni modellərini ictimaiyyətə təqdim edərkən son dərəcə ehtiyatlı davranmalı olduqlarını bildirib.
İki fərqli ehtimal nəzərdən keçirilir
Süni intellekt laboratoriyalarından hələlik rəsmi açıqlama verilməsə də, mütəxəssislər iki əsas ehtimal üzərində dayanırlar. Modellər şifrələmənin əsasını təşkil edən riyazi prinsipləri həll edərək məxfi məlumatların kilidini açmağa imkan verən yeni qısa yol tapmış ola bilər. Digər tərəfdən, süni intellektin belə bir qısa yolun mövcud olmadığını sübut edərək hazırkı şifrələmə sistemlərinin düşünüldüyündən daha təhlükəsiz olduğunu ortaya qoyması da mümkün hesab edilir.
Son həftələrdə hesablanması çətin olan problemlərin təsnifatına dair dərc edilən riyazi sübutların elmi ictimaiyyətdə böyük rezonans doğurduğu və bütün diqqətin süni intellekt şirkətlərindən gələcək yeni açıqlamalara yönəldiyi bildirilir.
