ABŞ-li senator Sanders: Süni intellekt bəşəriyyət üçün təhlükəlidirsə, inkişafı yavaşladılmalıdır
ABŞ-li senator Berni Sanders süni intellektin səhiyyə və xərçəng müalicəsində istifadəsinin hədəfləndiyini bildirib.
AFN.az xəbər verir ki, senator texnologiyanın bəşəriyyət üçün fəlakət riski yaratdığı halda onun inkişafının yavaşladılmasının vacib olduğunu deyib.
Nobel mükafatlı alim Cefri Hintonu “süni intellektin atası” kimi xarakterizə edən Sanders Hintonun süni intellektin inkişafının səhiyyə və digər sahələr baxımından çoxsaylı müsbət tərəflərinin olduğunu düşündüyünü qeyd edib.
Sanders bildirib ki, sənaye liderləri təhlükəli texnologiya yaratdıqlarını və bunun hara gedəcəyini bilmədiklərini birbaşa söyləyir, alimlər isə bunun bəşəriyyət üçün fəlakət səviyyəsində nəticələrə səbəb ola biləcəyini deyirlərsə, bu texnologiyanın inkişafını yavaşlatmaq lazım olduğunu söyləməmək ağılsızlıq olar.
Senator süni intellekt texnologiyasının səhiyyə sahəsi və xərçəng müalicələri üçün inkişaf etdirilməsinin arzuolunan olduğunu, lakin bəşəriyyətin məhv olduğunu görmək istəmədiyini vurğulayıb.
Sanders Hintonun bu risklə bağlı 10 faizlik ehtimaldan danışdığını xatırladaraq, 5 və ya 3 faizlik ehtimalın reallaşması halında nələrin baş verəcəyini soruşub.
Sanders həmçinin iyunun 3-də süni intellekt modellərinin hazırlanması zamanı bəşəriyyətin topladığı biliklərdən icazəsiz istifadə edildiyini bildirərək, süni intellekt şirkətlərinin səhmlərinin ictimaiyyətə təqdim edilməsi üçün qanun layihəsi hazırlayacağını açıqlamışdı.
Nobel mükafatlı alim Cefri Hinton insanların indiyədək özlərindən daha ağıllı ola biləcək bir məhsul yaratmadığını və buna görə də baş verə biləcəkləri əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını bildirib.
Hinton süni intellekt texnologiyalarının qarşıdakı 10 il ərzində bütün insanları öldürə bilməsi ehtimalının 10 faizdən çox olması ilə bağlı qiymətləndirmələrin məntiqsiz olmadığını deyib.
Onun sözlərinə görə, inkişaf etmiş süni intellektin ciddi təhlükə yaratması üçün fiziki sistemlərə nəzarət etməsi vacib deyil. Hinton bildirib ki, sistemlər insanlarla danışmaqla belə xaosa səbəb ola bilər.
Alim yüksək qabiliyyətli süni intellekt sistemlərinin bioloji və ya kiberhücumlarda, eləcə də kompüter viruslarının hazırlanmasında istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.
Hinton süni intellektin insanlara zərər verəcək məqsədlər formalaşdırmayacaq şəkildə hazırlanmasının vacibliyini vurğulayıb.

