Pedro Sançes TikTok-la bağlı istintaq qərarını alqışladı



İspaniyanın Baş naziri Pedro Sançes TikTok sosial şəbəkəsində uşaqların cinsi istismarı ilə bağlı görüntülərin yayılması üzrə prokurorluğun araşdırma başlatmaq qərarını əla xəbər adlandırıb. 

AFN.az xəbər verir ki, Sançes sosial şəbəkələrdə cəzasızlığın sona çatdığını bildirib.

İspaniyada xəbərlərin doğruluğunu təhlil edən Maldita.es portalının müraciəti əsasında Kiber Cinayətkarlıq üzrə Koordinasiya Prokuroru Elvira Tejada de la Fuente TikTok platformasında uşaqların cinsi istismarı və uşaq istismarı materiallarının hazırlanması və yayılması ilə bağlı mümkün cinayətləri araşdırmaq qərarı verib. Bu qərar Baş nazir Sançes tərəfindən alqışlanıb.

Sançes ABŞ mərkəzli X şirkətinin sosial şəbəkəsindəki hesabında paylaşım edərək bunun əla xəbər olduğunu bildirib. O qeyd edib ki, prokurorluq TikTok-da uşaqların cinsi istismarı materiallarının yayılması ilə bağlı araşdırmaya başlayıb və bu məsələni uzun müddət əvvəl də gündəmə gətiriblər. Baş nazir sosial şəbəkələrdə cəzasızlığın sona çatdığını, heç bir platformanın qanundan, xüsusilə də uşaqların hüquqlarından üstün olmadığını vurğulayıb.

Azlıq təşkil edən solçu koalisiya hökumətində Gənclər və Uşaqlar naziri vəzifəsini icra edən Sira Reqo keçirdiyi mətbuat konfransında İspaniyanın Məlumatların Mühafizəsi Agentliyindən müstəsna tədbir kimi TikTok-un ölkədəki fəaliyyətinin dayandırılmasını istədiklərini açıqlamışdı.

Maldita.es portalı TikTok-da 48 milyondan çox baxış sayı toplayan mindən artıq uşaqların cinsi istismarı videosu, eləcə də bu cür materialları paylaşan və ya satan 20 mindən çox potensial pedofil profili aşkarladığını açıqlamışdı. Portal həmin profillərdən 7 mindən çoxunun ispan dilində fəaliyyət göstərdiyini bildirmişdi.

Digər tərəfdən, Çinin ByteDance şirkəti tərəfindən yaradılan TikTok platformasında uşaqların cinsi istismarı videoları ilə bağlı xəbərlər ortaya çıxan kimi müvafiq məzmunun aşkarlanaraq silinməsi üçün tədbirlər görüldüyü bildirilib. Şirkət İspaniyanın Məlumatların Mühafizəsi Agentliyi və aidiyyəti bütün qurumlarla sıx əməkdaşlıq edəcəyini bəyan edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu