BBC: "Instagram" Hindistanda uşaq istismarı məzmunlu reklamlar yayımlayır
"BBC" telekanalı "Instagram" sosial şəbəkəsinin Hindistanda uşaqlara qarşı cinsi istismarı ehtiva edən ödənişli reklamlar yayımladığını üzə çıxarıb.
AFN.az xəbər verir ki, aparılan araşdırmaya görə, Hindistanda yayımlanan videolarda uşaq istismarı ilə bağlı ifadələrdən istifadə olunur və istifadəçilər bu məzmunları 99 rupi (1,04 dollar) kimi olduqca aşağı qiymətə satın ala biləcəkləri "Telegram" kanallarına yönləndirilir.
Platformanın istifadəçi bu növ materiallar üçün heç bir axtarış etməsə belə, cinsi məzmunlu və ya cinsi çağırışlar edən paylaşımları önə çıxardığını müəyyən etdikdən sonra "BBC" "Instagram"da saxta bir hesab açıb.
Cəmi bir həftə ərzində "Instagram" heç bir cinsi məzmun paylaşmayan bu saxta hesaba cinsi xarakterli video və materiallar göstərməyə başlayıb.
Daha sonra isə "Telegram" kanallarının keçid linkləri yer alan və uşaqlara qarşı cinsi istismarı ehtiva edən reklamlar nümayiş etdirilməyə başlanıb.
"Instagram"dakı reklamların yalnız platforma tərəfindən təsdiqləndikdən sonra yayımlana bildiyinə diqqət çəkilən xəbərdə "BBC"nin sözügedən reklamlardan birini şikayət etdiyi, lakin platformanın "bu, bizim icma qaydalarımızı pozmur" cavabını verdiyi bildirilib.
"BBC" daha sonra müvafiq reklamlar barədə birbaşa "Meta" şirkətinə məlumat verib.
"Meta" isə reklamlardan bəzilərini blokladığını və bu materialları yayan hesabların fəaliyyətini dayandırdığını bəyan edib.
Öz növbəsində "Telegram" da 2026-cı ildə uşaq istismarı məzmunu yaydığı əsası ilə 274 min qrup və kanalı bağladığını qeyd edib.
