Guterreş: İqlim böhranı qarşıdakı illərin ən böyük sınağı olacaq



BMT-nin Baş katibi Antonio Guterreş Antalyada keçirilən COP31 Liderlər Sammitinin açılış mərasimində çıxış edib. 

AFN.az xəbər verir ki, Guterreş yeni iqlim ədalətinə ehtiyac olduğunu bildirərək, bütün ölkələrin iqlimlə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu vurğulayıb.

Guterreş Antalyada təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitinin açılış mərasimində çıxış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ev sahibliyi və təşkilatçılığa görə təşəkkür edən Guterreş iqlim məsələsində ilk vəzifənin həqiqəti söyləmək olduğunu bildirib. O, iqlim böhranının sürətlə dərinləşməsinin acı reallıq olduğunu qeyd edərək, 2025-ci ildə emissiyaların bütün dövrlərin ən yüksək səviyyəsinə çatdığını, temperatur rekordlarının qırılmaqda davam etdiyini və son dörd ilin tarixdə ən isti illər olduğunu söyləyib. Guterreş, həmçinin planetimizi məhv edən fosil yanacaq sektorunun hələ də nəhəng mənfəət əldə etdiyini vurğulayıb.

Baş katib iqlim fəlakətlərinin dünyanın hər yerində insanların həyatına, dolanışıq mənbələrinə və iqtisadiyyatlara ciddi zərbə vurduğuna diqqət çəkib.

Onun sözlərinə görə, mövcud istiqamət qarşılıqlı şəkildə təmin edilmiş məhvə aparır. Elm 1,5 dərəcəlik həddin aşılmasının artıq qaçılmaz olduğunu göstərsə də, bu, mübarizədən əl çəkmək üçün əsas deyil. Guterreş bildirib ki, 11 il əvvəl Parisdə dünya qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmağı öhdəsinə götürüb. Lakin elm daha ciddi mübarizə aparmağın vacibliyini göstərir. O əlavə edib ki, həmin həddin nə qədər aşılacağını, bunun nə qədər davam edəcəyini və hansı miqyasda dağıdıcı nəticələrə səbəb olacağını müəyyən etmək insanların əlindədir.

Guterreş bu həddin aşılmasının daimi tale deyil, müvəqqəti pozuntu olmasını təmin etmək imkanının mövcud olduğunu vurğulayıb. Bunun üçün liderlik tələb olunduğunu bildirən Baş katib həqiqətin məlum olduğunu və indi buna uyğun hərəkət etməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, iqlim fəaliyyəti termometrdəki rəqəmlər uğrunda mübarizədən daha geniş məna daşıyır: söhbət insanların öz həyatı və övladlarının gələcəyi uğrunda mübarizəsindən gedir.

Guterreş qarşıdakı onilliyə istiqamət verəcək son on ildən çıxardığı üç dərsin olduğunu bildirib. İlk dərsə toxunan Baş katib qeyd edib ki, on il əvvəl günəş enerjisi dünyada elektrik enerjisi istehsalının cəmi 1 faizini təmin edirdi. Ötən il isə qlobal elektrik enerjisi tələbatındakı artımın təxminən dörddə üçü təkcə günəş enerjisinin hesabına qarşılanıb. On il əvvəl satılan hər 100 avtomobildən biri elektriklə işləyirdisə, bu il həmin göstəricinin təxminən hər üç avtomobildən birinə çatacağı gözlənilir.

O bildirib ki, təmiz enerji artıq dünyanın böyük hissəsində yeni elektrik enerjisi istehsalının ən ucuz mənbəyidir və hətta siyasi maneələrin ən güclü olduğu yerlərdə belə inkişafını davam etdirir.

Guterreşin sözlərinə görə, ikinci dərs fosil yanacaqların dayaqlarının sarsılmasıdır. Bəşəriyyətin dörddə üçü fosil yanacaq idxal edən ölkələrdə yaşayır və özlərinin yaratmadığı, nəzarət edə bilmədiyi qiymət şoklarından asılı vəziyyətdədir. Son dövrdə baş verən münaqişələr bunun xroniki qeyri-sabitliyə və yaşayış xərclərinin kəskin şəkildə pisləşməsinə səbəb olduğunu açıq şəkildə göstərib.

Baş katib fosil yanacaqlardan istifadənin elmi əsaslara söykənən, ədalətli, nizamlı və bərabərhüquqlu şəkildə dayandırılmasının sürətləndirilməsinin vaxtının çatdığını bildirib. Bununla belə, qarşıda duran problemin miqyasını kiçiltməməyə çağıran Guterreş fosil yanacaqların dinozavrların taleyini yaşamalı olduğunu deyib. O qeyd edib ki, bu proses öz-özünə baş verməyəcək: dinozavrların lobbi qrupu yox idi, fosil yanacaqların isə var. Onların strategiyası elmi təhrif etmək, siyasət qərarlarını, fəaliyyəti və hesabatlılığı gecikdirməkdən ibarətdir.

Guterreş fosil yanacaqlardan asılılığa son qoymağın vaxtının gəldiyini vurğulayaraq, üçüncü dərsin ən çətin olduğunu bildirib: dünya çox ləng irəliləyir. Onun sözlərinə görə, qlobal emissiyalar hər il təxminən 6 faiz azalmalıdır. Hazırkı milli planlar, şərti öhdəliklər də daxil olmaqla, ən yaxşı halda bu azalmanın yalnız üçdə birini təmin edə bilər. Həmin planlar tam həyata keçirilsə belə, əsrin sonuna qədər dünyada temperatur artımı 2,5 dərəcəni keçəcək və bu müddətdə təhlükəli, geri dönməz kritik hədlər aşılacaq.

Baş katib fövqəladə sürətlənməyə ehtiyac olduğunu bildirərək, planetin istiləşdiyini və vaxtın daraldığını deyib. O, ya uğur qazanılacağını, ya da bunun ağır nəticələrinin yaşanacağını vurğulayıb.

İqlim ədalətinin qarşıdakı onilliyin ən mühüm sınağı olduğunu bildirən Guterreş ölkələrdən iqtisadiyyatlarını dəyişdirməyi tələb edərkən, bunun üçün zəruri imkanları onlardan əsirgəməməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Çin istisna olmaqla, inkişaf etməkdə olan və yeni formalaşan iqtisadiyyatlar bəşəriyyətin təxminən üçdə ikisini əhatə edir, lakin qlobal təmiz enerji investisiyalarının beşdə birindən də azını əldə edirlər. Bu ölkələrin əksəriyyəti borc almaq üçün iki-üç dəfə daha çox vəsait ödəyir.

Guterreş bildirib ki, əlverişli qiymətə təmiz enerjiyə çıxış təmin edilməsə, yaranan boşluğu fosil yanacaqlar dolduracaq və emissiyalar onilliklər ərzində sabit qalacaq. Həmçinin həssas icmalar uyğunlaşa bilməsə, qeyri-sabitlik sərhədləri aşaraq yayılacaq. O, ortaq məsuliyyət, ortaq təhlükəsizlik və ortaq faydalara əsaslanan yeni İqlim Ədaləti Sazişinə ehtiyac olduğunu vurğulayıb.

Guterreş ortaq, lakin fərqləndirilmiş məsuliyyətlər prinsipinin tətbiq edilməsinin vacibliyini bildirərək, bütün ölkələrin üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu deyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələr emissiyalarını daha sürətlə azaltmalı, vəd etdikləri maliyyə və texnologiya dəstəyini təmin etməlidirlər. İnkişaf etməkdə olan iqtisadiyyatlar fosil yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirməli, inkişaf etməkdə olan ölkələr isə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün genişmiqyaslı dəstək almalıdırlar.

Baş katib İqlim Ədaləti Sazişinin dörd əsas istiqamət üzərində qurulduğunu bildirib. Birinci istiqamət fosil yanacaqlardan ədalətli keçidin sürətləndirilməsidir. Guterreşin fikrincə, xüsusilə inkişaf etmiş ölkələrin liderləri 1,5 dərəcə hədəfinə sadiq olduqlarını iddia etdikləri halda, fosil yanacaq istehsalını genişləndirməyə davam edə bilməzlər.

Guterreş BMT-nin Ətraf Mühit Proqramının (UNEP) karbon emissiyalarına dair son hesabatının 2035-ci ilədək qlobal bərpaolunan enerji gücünün 2025-ci ilin səviyyəsi ilə müqayisədə ən azı üç dəfə artırılmasının vacibliyini ortaya qoyduğuna diqqət çəkib. Hesabata əsasən, karbon tutma texnologiyası tətbiq edilməyən kömür elektrik stansiyalarından əldə olunan elektrik enerjisi istehsalı da ən azı 75 faiz azaldılmalıdır.

Baş katib həmin stansiyalardan elektrik enerjisi istehsalının 2040-cı ilədək demək olar ki, tamamilə dayandırılmalı, neft və təbii qaz istifadəsinin isə təxminən üçdə bir azaldılmalı olduğunu bildirib. O, hər bir hökumətin siyasət və investisiya planlarını bu hədəflərə uyğunlaşdırmasının vacibliyini vurğulayıb.

Guterreş bu məqsədlərə işçilərin müdafiəsi nəzərə alınmaqla hazırlanmış etibarlı milli yol xəritələri vasitəsilə nail olmağın mümkün olduğunu deyib. Onun sözlərinə görə, bu, yeni kömür layihələrinə, eləcə də 1,5 dərəcə hədəfini daha da əlçatmaz edəcək yeni neft və qaz infrastrukturlarına yox deməkdir. Metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması, bərpaolunan enerji mənbələrinin, elektrik şəbəkələrinin, enerji saxlama sistemlərinin və təmiz elektrikləşmənin çox sürətlə genişləndirilməsi də zəruridir. Eyni zamanda meşələr, okeanlar və biomüxtəliflik qorunmalıdır.

Baş katib seçim edilməli olduğunu bildirərək, bu keçidin planlaşdırılmasının vacibliyini, əks halda bunun əvəzinin xaos və dolanışıq imkanlarının itirilməsi ilə ödənəcəyini vurğulayıb.

Qlobal temperaturun 1,5 dərəcədən yuxarı qalxmasının iqlim dəyişikliyinə uyğunlaşma sahəsində köklü yanaşma tələb etdiyinə diqqət çəkən Guterreş bunun beynəlxalq ictimaiyyətin inkişaf etməkdə olan ölkələri dəstəklədiyi yeni nəsil milli uyğunlaşma planlarını zəruri etdiyini bildirib.

Guterreş hər kəsin erkən xəbərdarlıq sistemlərinə çıxışının olmasının vacibliyini vurğulayıb. O, hər bir icmanın daşqınlardan, quraqlıqlardan və dəniz səviyyəsinin yüksəlməsindən qorunmalı olduğunu deyib.

Uyğunlaşma səyləri öz həddinə çatdıqda itki və zərərlərlə bağlı dəstəyin sürətli və əlçatan olmalı olduğunu bildirən Baş katib iqlim maliyyələşməsinin yetərli həcmdə və asanlıqla əldə edilə bilən səviyyədə təmin edilməsinin vacibliyini qeyd edib.

Guterreş inkişaf etmiş ölkələrin 2035-ci ilədək ildə ən azı 300 milyard dollar maliyyələşmənin təmin edilməsinə rəhbərlik etməli olduğunu bildirib. O, həmin tarixədək uyğunlaşma üçün ayrılan maliyyənin ən azı üç dəfə artırılması məqsədilə konkret mərhələləri əhatə edən aydın planların hazırlanmasının vacibliyini vurğulayıb. Baş katib 1,3 trilyon dollarlıq hədəfin inkişaf etməkdə olan ölkələrə yönələn real maliyyə axınına çevrilməli olduğunu və bunun hər bir maliyyə mənbəyinin üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb etdiyini deyib.

Guterreş inkişaf banklarının 2030-cu ilədək illik 120 milyard dollarlıq Bakı öhdəliyini aşmalı olduğunu bildirib. O, daha çox kredit ayıra bilmələri üçün səhmdarların bu qurumlara səlahiyyət verməli və daha çox özəl investisiyanın cəlb edilməli olduğunu qeyd edib.

Baş katib həssas vəziyyətdə olan inkişaf etməkdə olan ölkələrin ehtiyac və şərtlərinə daha yaxşı cavab vermək üçün daha innovativ vasitələrin tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, donorların Yaşıl İqlim Fonduna və İtki və Zərərlərə Cavab Fonduna vəsait ayırmalı olduğunu bildirib.

Guterreş özəl investorların inkişaf etməkdə olan ölkələrdə keçid prosesini dəstəkləməli olduğunu deyib. Onun sözlərinə görə, Cənub-Cənub əməkdaşlığı texnologiya və maliyyə imkanlarına çıxışın genişləndirilməsinə getdikcə daha çox töhfə verməlidir.

Baş katib son üç ayda dünyanın ən böyük doqquz neft şirkətinin 95 milyard dollar mənfəət əldə etdiyinə diqqət çəkərək, fosil yanacaqlardan qazanc götürənlərin vurduqları zərərin xərclərinin qarşılanmasına töhfə verməli olduğunu bildirib.

Guterreş İtki və Zərərlər Fondunun təxminən 600 milyon dollar vəsait topladığını və bu məbləğin sözügedən şirkətlərin cəmi 14 saat ərzində əldə etdiyi mənfəətə bərabər olduğunu deyib.

O, hökumətlərin bu mənfəəti vergiyə cəlb etməsinin və əldə olunan gəlirləri həssas ölkələrin bərpasına kömək etmək üçün istifadə etməsinin vaxtının çatdığını vurğulayaraq, çirklənməyə səbəb olanların bunun əvəzini ödəməli olduğunu bildirib.

Guterreş ayrılıqçı yanaşma əvəzinə əməkdaşlığa üstünlük verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ticarət maneələri, texnologiya monopoliyaları və geosiyasi rəqabət səbəbindən parçalanmış dünya keçid prosesinin daha baha başa gəlməsinə, daha uzun çəkməsinə və milyardlarla insanın geridə qalmasına səbəb olacaq.

Baş katib ölkələrin bütün məsələlərdə razılığa gəlməsinin vacib olmadığını, lakin təkbaşına həll edə bilməyəcəkləri problemlərlə bağlı əməkdaşlıq etməli olduqlarını bildirib. O, iqlim prosesinin özünün də inkişaf etməli olduğunu vurğulayaraq, danışıqların əhəmiyyətli olduğunu, lakin uğurun real sahədə ölçülməli olduğunu deyib.

Guterreş BMT çərçivəsində elektrik şəbəkələri, kritik minerallar, metan və erkən xəbərdarlıq sistemləri üzrə, eləcə də Climate Promise Forward təşəbbüsü vasitəsilə ölkələri və tərəfdaşları bir araya gətirdiklərini bildirib. O, bu yanaşmanın nümunəyə çevrilməli olduğunu qeyd edib.

Baş katib mövcud vəziyyəti fürsət kimi dəyərləndirdiyini söyləyib. Onun sözlərinə görə, tarix daha təmiz iqtisadiyyatlar, daha ədalətli cəmiyyətlər və daha təhlükəsiz dünya qurmaq üçün bəşəriyyətə fövqəladə imkan yaradıb. Guterreş davamlı inkişaf, sülh, təhlükəsizlik və insan ləyaqəti naminə iqlim gündəliyinin məhz bu məqsədlərə xidmət etdiyini bildirib.

İqlim mübarizəsinin ön sıralarında dayananlara müraciət edən Guterreş onların bu mübarizənin vicdanı olduğunu və müasir dünyanın ən güclü, ən varlı maraq qruplarından bəzilərinə qarşı dayandıqlarını deyib. O bildirib ki, başqaları yalnız maneələr gördüyü halda, onlar imkanlar görüblər; digərləri gecikməni qəbul etdiyi zaman onlar hərəkətə keçilməsini tələb ediblər, başqaları üzünü çevirdikdə isə onlar həqiqəti söyləyiblər.

Guterreş gələn ildən etibarən BMT-nin Baş katibi vəzifəsində olmayacağını bildirib. Bununla belə, o, həqiqəti söyləməkdən və bunun uğrunda mübarizə aparmaqdan heç vaxt əl çəkməyəcəyini, iqlim mübarizəsində hər zaman ön sıralarda olanlarla çiyin-çiyinə dayanacağını qeyd edib.

Baş katib iqlim böhranı ilə bağlı həqiqəti söyləməyə, bu həqiqətin tələb etdiyi tədbirləri görməyə və bəşəriyyətin əlində olduğunu bildiyi davamlı gələcək uğrunda mübarizəni davam etdirməyə çağırıb. O, bu yolda hər addımda onların yanında olacağını vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu