Quterreş: İki dövlətli həll üçün konkret addımlar atılmalıdır
BMT-nin Baş katibi Antonio Quterreş Fələstinlilər və Yaxın Şərqdə sülhə önəm verən hər kəs üçün iki dövlətli həllə dəstəyin sözlərlə məhdudlaşmamalı olduğunu bildirib.
AFN.az xəbər verir ki, Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İki Dövlətli Həll və Qəzza üzrə Hərtərəfli Sülh Planı mövzusunda yüksək səviyyəli beynəlxalq toplantıda çıxış edib.
Bir çox ölkənin ötən il Fələstin Dövlətini tanıdığını xatırladan Quterreş bu addımı atan ölkələrin Fələstinlilər və israillilər üçün davamlı sülh və təhlükəsizliyə aparan yeganə etibarlı yolun beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və əvvəlki razılaşmalar əsasında 1967-ci il sərhədləri çərçivəsində iki dövlətli həll olduğunu da qəbul etdiyini bildirib.
Quterreş bu yanaşmanın daha geniş regionda sülh üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, digər tərəfdən, Fələstin torpaqlarında müstəqil, demokratik, ərazi bütövlüyünə malik, yaşama qabiliyyətli və suveren Fələstin Dövlətinin yaradılması üçün şəraitin sistemli şəkildə aradan qaldırıldığını deyib.
Quterreş burada qanunsuz və etibarsız ilhaq anlamına gələn siyasət və təcrübələrin şahidi olunduğunu qeyd edib. O, Fələstin Torpaqlarındakı İsrail yaşayış məntəqələrinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib.
BMT Baş katibi BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin qəbul edilməsindən təxminən 10 il keçməsinə baxmayaraq, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla yaşayış məntəqələrinin sürətlə genişləndirildiyini vurğulayıb.
Dağıntılar, məcburi köçürülmələr, evakuasiyalar, torpaqların müsadirə edilməsi və müqəddəs məkanlardakı status-kvonun pozulmasının getdikcə daha repressiv mühit yaratdığını bildirən Quterreş bunun Fələstinli ailələri evlərindən və torpaqlarından uzaqlaşdırdığını, etnik təmizləmə ehtimalı ilə bağlı narahatlıqları artırdığını deyib.
Quterreş E1 yaşayış məntəqəsi planının irəlilədilməsinin də ərazi bütövlüyünə malik və yaşama qabiliyyətli Fələstin Dövlətinin yaradılması imkanlarına ciddi zərbə vuracağını bildirib.
BMT Baş katibi Qəzzada dağıntılar və ümidsizlik içində yaşayan ailələr üçün daha yaxşı gələcəklə bağlı vədlərin real dəyişikliklə dəstəklənmədiyi təqdirdə inandırıcılığını itirdiyini qeyd edib.
Quterreş Sülh Planının tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Fələstinlilər və Yaxın Şərqdə sülhə önəm verən hər kəs üçün iki dövlətli həllə dəstəyin sözlərdən kənara çıxmalı olduğunu bildirib.
Quterreş hazırda hər zamankından daha çox siyasətlərin qərarlar və fəaliyyətlərlə ortaya qoyulmasının vacib olduğunu deyib və etibarlı siyasi prosesin irəlilədilməsi üçün hərəkətə keçməyə çağırıb.
Onun sözlərinə görə, məqsəd 1967-ci il sərhədləri əsasında, Qüdsün hər iki dövlətin paytaxtı olduğu, təhlükəsiz və tanınmış sərhədlər daxilində yanaşı sülh və təhlükəsizlik şəraitində yaşayan iki müstəqil, suveren və demokratik dövlətin – İsrail və Fələstinin yaradılmasıdır. Quterreş bunun alternativinin olmadığını və vaxtın daraldığını bildirib.

