Taylandda 34 milyon illik nəhəng gəmirici fosili tapılıb
Kanada, Tayland və Fransadan olan tədqiqatçılar təxminən 34 milyon il əvvəl, Orta Paleogen dövründə yaşamış, çəkisi 30 kiloqrama yaxın olan nəhəng gəmirici növü aşkar ediblər.
AFN.az xəbər verir ki, Kanadadakı Makqill Universitetinin açıqlamasına görə, universitetin, Taylandın Mineral Ehtiyatlar Departamentinin və Fransadakı elmi-tədqiqat institutlarının paleontoloqları Taylandın Krabi bölgəsində tapılan məməli fosillərini araşdırıblar.
Fosillərin diş ölçülərindən heyvanın bədən kütləsini hesablamaq üçün yeddi müxtəlif metoddan istifadə edən tədqiqatçılar gəmiricinin təxminən 30 kiloqram ağırlığında olduğunu müəyyən ediblər.
Təxminən 34 milyon il əvvəl, Orta Paleogen dövründə yaşamış bu gəmirici növünə tay dilində nəhəng mənasını verən yak və yunanca siçan mənasını daşıyan mys sözlərinin birləşməsindən yaranan Yakamys sirindhornae adı verilib.
Tədqiqatçılar bu gəmiricinin həmin dövrdə məlum olan digər gəmiricilərdən iki dəfə böyük olduğunu bildiriblər. Onların sözlərinə görə, bu tapıntı iri bədənli gəmiricilərin təkamül tarixinin əvvəllər qəbul ediləndən xeyli qədim olduğunu və coğrafi baxımdan daha geniş əraziləri əhatə etdiyini ortaya qoyur.
Tədqiqatın müəlliflərindən olan Makqill Universitetinin biologiya professoru Vircini Millien açıqlamasında gəmiricinin çəkisi ilə bağlı hesablamanın təxmini olduğunu bildirib. O, fosillər əsasında bədən kütləsinin müəyyənləşdirilməsində əhəmiyyətli qeyri-müəyyənlik olduğunu vurğulayıb.
Millien hazırda yaşayan ən böyük gəmiricilərin kapibaralar olduğunu qeyd edib. O, nəhəng gəmiricilərin əsasən Cənubi Amerikada təkamül keçirdiyini, lakin bu kəşfin Cənub-Şərqi Asiyanın da iri bədənli gəmiricilərin erkən təkamül tarixində mühüm rol oynadığını göstərdiyini diqqətə çatdırıb.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

