Peruda 1600 illik məzarlıqda təkgözlü körpə skeleti qalıqları aşkarlanıb



Cənubi Amerika ölkəsi Peruda təxminən 1600 il əvvəl yaşamış qədim Naska xalqına məxsus məzarlıqda aparılan arxeoloji qazıntılar zamanı kəllə sümüyündə tək göz yuvası olan körpənin skelet qalıqları aşkarlanıb. 

AFN.az xəbər verir ki, Kaliforniya Universitetinin antropoloqu Lars Fehren-Şmits elmi xəbərlərə yönəlmiş Live Science platformasına açıqlamasında Perunun Palpa vadisində yerləşən qədim Naska xalqına aid məzarlıqda siklopiya (təkgözlülük) müşahidə edilən körpənin skeletinin tapıldığını bildirib.

Fehren-Şmits təxminən 1600 il əvvəl yaşamış körpənin DNT analizləri zamanı onun 13-cü xromosomunun əlavə bir nüsxəsini daşıdığının müəyyən edildiyini qeyd edib.

Skelet üzərində aparılan araşdırmalar nəticəsində körpənin kəllə sümüyündə, üzün mərkəzində yalnız bir göz yuvasının olduğu aşkarlanıb. Genetik analizlər bu doğuş qüsurunun ehtimal olunan səbəbinin trizomiya 13 kimi tanınan xromosom anomaliyası olduğunu üzə çıxarıb.

Fehren-Şmits körpənin nə qədər yaşadığı barədə dəqiq məlumat əldə edə bilmədiklərini bildirib.

Təkgözlülük embrional ön beynin (prosensefalon) hamiləliyin erkən mərhələsində sağ və sol yarımkürələrə düzgün şəkildə ayrıla bilməməsi nəticəsində üzün mərkəzi hissəsində tək göz yuvasının əmələ gəldiyi nadir doğuş qüsuru hesab olunur.

Qədim Naska xalqına məxsus məzarlıq Perunun cənubundakı İka bölgəsində, Palpa vadisində yerləşən Jauranga arxeoloji ərazisində yerləşir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu