2 min il əvvəl ölən şəxsin sümükləri alətlərə çevrilib
Şotlandiyada aparılan tədqiqatlar 2 min illik qadın skeletinin sümüklərinin o öldükdən sonra yonularaq alətə çevrildiyini və ardınca məzara yenidən yığıldığını ortaya çıxarıb.
AFN.az xəbər verir ki, Şotlandiya sahillərində ilk dəfə 2000-ci ildə gün üzünə çıxarılan, lakin müasir texnologiyalarla yenidən analiz edilən məzarda biri 30 yaşlarında qadına, digəri isə təxminən 15 yaşlarında oğlan uşağına aid olan iki skelet yer alır.
DNT testləri eyni məzarı paylaşan bu iki nəfərin, ehtimal ki, qohum olduğunu göstərir. Lakin tədqiqatı əsas maraqlı edən amil qadının skeleti üzərində aşkar edilən qeyri-adi müdaxilələr olub.
Araşdırmalara görə, qadının qol və qıçlarındakı ən azı dörd uzun sümüyün ucları sanki paya kimi sivriləşdirilərək alət formasına salınıb.
İlk qazıntılar zamanı bu izlərin gəmirici dişləməsi ola biləcəyi düşünülsə də, müasir mikroskopik analizlər sümüklərin kəskin bir bıçaq və ya alətlə qəsdən yonulduğunu, yəni bunun insan əməlinin məhsulu olduğunu sübut edən izləri üzə çıxarıb.
Arxeoloqları ən çox düşündürən məqamlardan biri yonulmuş bu sümüklərin məzara nizamsız şəkildə atılmamasıdır.
Kimliyi məlum olmayan şəxslər qadının bədən üzvlərini alət kimi işlədikdən sonra bütün parçaları anatomik cəhətdən doğru yerlərinə düşəcək şəkildə skeleti məzarda yenidən birləşdiriblər.
Üstəlik, qadının kəllə sümüyündə aparılan araşdırmalar ölümündən sonra beyninin də həyata keçirilən bir əməliyyatla çıxarıldığını göstərir.
Mütəxəssislər gündəlik istifadə məqsədilə insan sümüyündən alət düzəldib, daha sonra onu məzara xüsusi diqqətlə geri yerləşdirməyin məntiqini anlamaqda çətinlik çəkirlər.
Tədqiqatın baş yazarı, arxeoloq Laura Kastells Navarro bu intensiv və qeyri-adi müdaxilənin arxasındakı motivi izah etməyin çətin olduğunu, lakin skeletin bu qədər böyük bir qayğı ilə yenidən bir araya gətirilməsinin həmin qadının öz icması daxilində böyük hörmət və nüfuza sahib olduğuna işarə edə biləcəyini vurğulayır.
Məzardakı skeletlərin zamanla aşınması və ərazidəki daşların keçmişdə divar tikintisi üçün yerindən sökülməsi səbəbindən qadının alt bədəni, uşağın isə skeletinin böyük qismi günümüzə qədər gəlib çatmayıb.
Lakin əldə edilən DNT məlumatları bu iki qohumun bölgədəki geniş dənizçi icması şəbəkəsinin bir parçası olduğunu göstərir.
Tədqiqat bu ailə bağlarının məzarın yerləşdiyi nöqtədən Orkney adalarına qədər uzanan 265 kilometrlik sahil zolağına yayıldığını sübut edib.
Mütəxəssislər Dəmir dövründəki tarixöncəsi dənizçi icmalarının Şotlandiyanın şimal sahillərində kiçik qruplar halında müntəzəm olaraq yer dəyişdirdiyini, bu hərəkətliliyin də mədəni ənənələrin və ritualların qorunmasını təmin etdiyini bildirirlər.


