Qladiator skeletində aslan dişlərinin izləri vəhşi heyvanlarla döyüşü sübut edir - ARAŞDIRMA


İngiltərənin York şəhərində arxeoloji qazıntılar zamanı üzə çıxarılan qladiator skeleti üzərində aşkar edilən şir dişlərinin izləri, Roma dövründə insanların vəhşi heyvanlarla döyüşdüyünə dair ilk fiziki sübut olaraq qeydə alınıb.



2004-cü ildə York şəhərinin Driffild Terras bölgəsindəki bir məzarlıqda tapılan gənc kişi skeletinin məhkəmə-tibbi ekspertizası onun omba sümüyündəki dəliklərin və izlərin aslanın dişləməsindən qaynaqlandığını müəyyən edib.

İrlandiyanın Maynooth Universitetindən olan məhkəmə eksperti Prof. Dr. Tim Tompson bildirib ki, bu tapıntı Roma qladiatorlarının döyüşlərinin yalnız yazılı mənbələrə və ya bədii təsvirlərə əsaslanmadığını, həm də artıq birbaşa fiziki sübutlara malik olduğunu göstərir.

Üç ölçülü skanlarla yaraların ətraflı şəkildə araşdırıldığını ifadə edən Prof. Tompson "Şir adamı budundan dişləyib və sürüyüb. Bu, şirlərin adətən hücum etdiyi ərazi deyil. Bu, qladiatorun arenada artıq yaralandığını və müdafiəsiz ikən aslan tərəfindən dişləndiyini deməyə əsas verir" deyib.

Yaraların ölüm anına yaxın olduğu müəyyən edilib. Alimlər dişləmə izlərini London Zooparkındakı böyük pişiklərdən götürülmüş nümunələrlə müqayisə ediblər. Tapıntılar izlərin aslana aid olduğunu açıq şəkildə təsdiqləyib.

Yaşı 26-35 arasında olan qladiator iki nəfərlə eyni məzarda dəfn edilib və üstünə at sümükləri qoyulub. Bu, onun vəhşi heyvanlarla döyüşən xüsusi qladiator olan “Bestiarius” olduğunu göstərir.

York Universitetinin osteoarxeologiya üzrə baş müəllimi Malin Holst "30 il ərzində skelet analizi apararkən, bu cür dişləmə izlərini ilk dəfə görürəm" deyib. Holst qladiatorun əzələlərinin çox güclü olduğunu, çiyin və onurğa nahiyəsində sıx fiziki fəaliyyət və travma izlərinin olduğunu bildirib.

Tədqiqatçıların fikrincə, bu tapıntı York şəhərində hələ kəşf edilməmiş Roma amfiteatrının mövcudluğuna işarə edir. Mütəxəssislər bildirirlər ki, qladiator döyüşləri dövrün aparıcı Roma idarəçilərinin yaşadığı bölgələrdə dəbdəbəli həyat tərzinin tərkib hissəsi kimi adiləşib.

York Arxeologiya Cəmiyyətinin baş icraçı direktoru David Jeninqs "Bu adamın hansı şəraitdə arenaya girdiyini heç vaxt dəqiq bilməyəcəyik, lakin indi Romadakı Kolizey qədər möhtəşəm olmasa da, belə tamaşaların Britaniyanın şimalında keçirildiyinə dair güclü sübutlarımız var" deyib.

Sözügedən elmi araşdırma "PLoS One" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu