Rusiya və Ukrayna böyükmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib
ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlarda tərəflər böyükmiqyaslı əsir mübadiləsi ilə bağlı prinsipial razılıq əldə ediblər.
AFN.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri və BƏƏ-də Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski Ukrayna ilə böyükmiqyaslı əsir mübadiləsi aparılması barədə razılığa gəldiklərini bildirib.
Medinski mübadilənin detalları barədə yaxın vaxtlarda məlumat veriləcəyini deyib.
Ukrayna-Rusiya müharibəsinə son qoymaq məqsədilə BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra Medinski mətbuat konfransı keçirib.
O, çıxışı zamanı danışıqların təşkilinə görə BƏƏ rəhbərliyinə minnətdar olduqlarını bildirib.
ABŞ Prezidenti Donald Trampın danışıqlarda iştirak edən nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də fəal rol oynadığını qeyd edən Medinski onların boş söhbətlər əvəzinə nəticəyönümlü fəaliyyət göstərdiklərini deyib və bu səbəbdən rollarını müsbət qiymətləndirdiyini vurğulayıb.
Medinskinin sözlərinə görə, danışıqların əsas gündəliyini regional təhlükəsizlik təşkil edib. O bildirib ki, Ukraynadakı münaqişə qaçılmaz olaraq başa çatdıqdan sonra baş verəcəklərin indidən müzakirə olunmasını düzgün hesab edirlər. Rusiya Avropada yeni, hərtərəfli və ədalətli təhlükəsizlik sisteminin qurulması zərurətini dəfələrlə gündəmə gətirib.
Medinski Ukrayna böhranının Avropadakı təhlükəsizlik sisteminin səmərəli işləmədiyini göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu məsələ danışıqlarda əsas yerlərdən birini tutub və ABŞ tərəfinin də iştirakı ilə mövqelər qarşılıqlı şəkildə bölüşülüb. Bəzi məsələlərdə razılıq əldə edilsə də, digərlərində ortaq mövqeyə gəlmək mümkün olmayıb. O, danışıqların davam edəcəyini və dünyanın bəzi ölkələrin maraqlarına zidd olmayan, ədalətli, yeni və müasir təhlükəsizlik sisteminə ehtiyac duyduğunu bildirib.
Əbu-Dabidə olan avropalı nümayəndələrlə görüşmədiklərini və danışıqların üçtərəfli formatda keçirildiyini vurğulayan Medinski onların hansı statusla orada olduqlarını anlamadıqlarını deyib.
Avropa ölkələrinin Ukrayna böhranına yanaşmasını tənqid edən Medinski bəzi Avropa ölkələrinin rəhbərliklərinin Ukrayna xalqını aldatdığını iddia edib. Onun sözlərinə görə, həmin ölkələr müharibə aparan tərəflərdən birini maliyyələşdirir və silahla təmin edir, bununla da mülki əhalinin ölümünə səbəb olurlar. Medinski Avropa ölkələrindən indiyədək sülhün təmin edilməsinə dair konkret təklif almadıqlarını bildirib. O, avropalı nümayəndələrin Əbu-Dabiyə turist kimi gəldikləri halda otelin foyesində söhbət edə biləcəklərini, konkret təkliflər irəli sürüldükdə isə onların nəzərdən keçiriləcəyini deyib.
Vladimir Medinski avropalı nümayəndələrin ABŞ-lı müzakirəçiləri nümunə götürməli olduqlarını vurğulayıb.
Avropanın gələcəkdə Ukrayna böhranının həlli üzrə danışıqlar prosesinə qoşulması ehtimalına toxunan Medinski onların vicdanları oyandıqda sülh danışıqlarında iştirak edə biləcəklərini bildirib.
Danışıqlarda humanitar məsələlərin də müzakirə olunduğunu deyən Medinski genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə edildiyini və mübadilənin təfərrüatlarının yaxın vaxtlarda açıqlanacağını bir daha qeyd edib.
Putinin müşaviri yekun razılaşma əldə edilənədək danışıqlar prosesinin təfərrüatlarının açıqlanmadığını vurğulayıb.
Rusiya Baş Qərargahının İnformasiya İdarəsi rəisinin müavini Aleksandr Zorin də Vesti qəzetinə açıqlamasında Ukrayna ilə əsir mübadiləsinin 2-3 həftə ərzində həyata keçiriləcəyini bildirib.
