Rusiya: ABŞ və Ukrayna ilə danışıqların Əbu Dabidə keçirilməsi çətinləşib
Kreml sözçüsü Dmitri Peskov ABŞ və Ukrayna ilə aparılan danışıqların yeni mərhələsinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilməsi ehtimalının çətinləşdiyini bildirib.
AFN.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin gündəmdəki mövzularla bağlı suallarını cavablandırıb. ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra yaşanan proseslərə toxunan Peskov "Rusiya Prezidenti Vladimir Putin gərginliyin ən azından bir qədər azalması üçün əlindən gələn bütün səyləri göstərəcək və göstərməkdədir," deyib.
Putinin bölgə ölkələrinin liderləri ilə görüşlər keçirdiyini qeyd edən Peskov "Putin iranlı rəsmilərlə apardığımız dialoq çərçivəsində bölgə ölkələrinin infrastrukturuna yönəlmiş hücumlarla bağlı ciddi narahatlıqlarımızı İran tərəfinə çatdıracağına dair söz verib," ifadəsini işlədib.
ABŞ, Rusiya və Ukrayna arasında Əbu Dabidə davam etdirilən danışıqlara da toxunan Peskov "Hazırda, məlum səbəblərdən dolayı Abu Dabidə bir görüşün keçirilməsi ehtimalından danışmaq olduqca çətindir" deyə bildirib. Peskov yeni mərhələ danışıqlar üçün yer və vaxt mövzusunda hələlik bir dəqiqlik olmadığını da əlavə edib.
