Rusiya: ABŞ və Ukrayna ilə danışıqların üçüncü raundu 17-18 fevralda Cenevrədə keçiriləcək
Kremlin sözçüsü Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında böhranın həllinə dair üçtərəfli danışıqların üçüncü raundunun 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini açıqlayıb.
Peskov paytaxt Moskvada jurnalistlərə gündəmdəki mövzularla bağlı bəyanatlar verib. Rusiya, Ukrayna və ABŞ arasında böhranın həlli üzrə üçtərəfli danışıqların növbəti mərhələsinin gələn həftə baş tutacağını duyuran Peskov "Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu 17-18 fevralda Cenevrədə yenə üçtərəfli formatda reallaşacaq", - deyib. Peskov Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik edəcəyini qeyd edib.
ABŞ-a əməkdaşlıq təklif edirik
ABŞ-ın "Bloomberg" agentliyinin Moskvanın ABŞ-a iqtisadi əməkdaşlıq təklifini (və dollar sisteminə qayıdışı) ehtiva edən yeddi bəndlik yeni bir plan təqdim etməsi barədə xəbərini şərh edən Peskov "Əlbəttə, əməkdaşlıq təklif edirik. Şübhəsiz ki, hər iki ölkənin biznes dairələri buna maraq göstərir", - ifadələrini işlədib.
Dollardan imtina etmədiklərini bildirən Peskov, dollar cəlbedici olacağı təqdirdə digər valyutalarla yanaşı ondan yenidən istifadə etməyə başlayacaqlarını söyləyib. Peskov Rusiya və ABŞ tərəfindən yaradılan iqtisadi qrupların işini davam etdirdiyini diqqətə çatdıraraq, bu fəaliyyətlər çərçivəsində ticarət və iqtisadiyyat sahəsində potensial əməkdaşlıq, o cümlədən enerji və AI sahəsində müştərək layihələrin nəzərdən keçirildiyini qeyd edib.
Sülh Şurası ilə bağlı mövqeyimizi hələ müəyyənləşdirməmişik
Rusiyanın Qəzzadakı atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılan "Sülh Şurası"na (Board of Peace) qatılma ehtimalını da dəyərləndirən Peskov "Sülh Şurası ilə bağlı mövqeyimizlə əlaqədar hələ qərar verməmişik. Bu məsələ üzərində işlər davam edir" deyə qeyd edib. Peskov ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların bu Şuraya göndərilməsi təklifini xatırladıb.
Xatırladaq ki, danışıqların əvvəlki raundları Əbu-Dabidə (23-24 yanvar və 4-5 fevral) keçirilib.

