İtaliyada 6 mindən çox məktəbə təhdid məktubu göndərilib



İtaliyada təxminən 6 min məktəbə göndərilən anonim bomba təhdidi məzmunlu elektron məktub narahatlığa və təhsil müəssisələrinin təxliyəsinə səbəb olub. 

AFN.az xəbər verir ki, İtaliyanın Rainews24 telekanalının məlumatına görə, son həftələrdə supermarketlərin soyuducularını hədəf alan kiberhücumlar və təyyarələrlə bağlı əsassız bomba xəbərdarlıqlarından sonra bu gün də ölkə üzrə minlərlə məktəbdə bomba həyəcanı elan edilib.

Mihail Andropov imzası ilə göndərildiyi bildirilən elektron məktubda bəzi məktəblərdə bomba olduğu barədə məlumat verilməsi bir çox təhsil müəssisəsinin boşaldılmasına səbəb olub.

Bomba təhdidi məzmunlu elektron məktubu alan məktəblərdə zəruri yoxlamaların aparıldığı bildirilib.

Bomba həyəcanı səbəbindən paytaxt Romada da çoxsaylı məktəb təxliyə edilib. Romanın Appio-Tuskulano rayonundakı məktəblər və yaxınlıqda yerləşən uşaq bağçaları da boşaldılıb.

Paytaxtdan başqa, ölkə üzrə Milan, Triyest, Bolonya, Neapol, Recco-Kalabriya şəhərlərində, eləcə də Sardiniya adasında yerləşən bir çox məktəbə bomba təhdidləri göndərilib.

Təhdid məktubunda sizi məhv etməyə gəlmişik ifadəsi yer alıb.

İtaliyanın ANSA agentliyinin Təhsil Nazirliyindəki mənbələrə istinadən yaydığı xəbərə görə, 6 mindən çox məktəb bomba təhdidi məzmunlu bu elektron məktubu alıb.

Ölkə üzrə təşvişə və məktəblərin boşaldılmasına səbəb olan təhdid məktublarından sonra Baş nazir Corcia Meloninin bu gün günortadan sonra təhlükəsizlik komitəsini təcili toplantıya çağırdığı bildirilib.

Baş nazir Meloni sosial media platformalarında yayımladığı yazılı açıqlamada hökumətin məktəblərlə bağlı çoxsaylı bomba təhdidi məlumatlarını yaxından izlədiyini bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları və bütün səviyyələrdəki dövlət qurumları vəziyyəti nəzarətdə saxlamaq, vətəndaşları, ailələri və məktəb əməkdaşlarını narahatlıqdan qurtarmaq üçün çalışırlar.

Meloni aparılan ilkin araşdırmalarda konkret təhlükənin mövcudluğuna işarə edən heç bir dəlilin aşkarlanmadığını qeyd edib. O, sözügedən xəbərdarlıqların daha çox ictimaiyyətdə qorxu və narahatlıq yaratmağa yönəlmiş strategiyanın tərkib hissəsi kimi qiymətləndirildiyini bildirib. Baş nazir məsələ ilə bağlı bütün zəruri araşdırmaların davam etdiyini vurğulayıb.

Müxalifətdəki 5 Ulduz Hərəkatının (M5S) deputatı Luka Pirondini hadisənin ciddi həyəcan siqnalı olduğunu bildirərək, daxili işlər naziri Matteo Piantedozini parlamentə məlumat verməyə çağırıb.

Qeyd edək ki, ölkədə noyabrın 2-də də 280 məktəb direktoruna təhdid məzmunlu elektron məktublar göndərilmiş, sonradan bu təhdidlərin əsassız olduğu müəyyən edilmişdi.

Şimali İrlandiya və Şotlandiyada da bu gün bəzi məktəblərə təhdid məzmunlu elektron məktublar göndərilib.

Şimali İrlandiya polisi bölgədəki müxtəlif məktəblərə göndərilən narahatedici elektron məktubla bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Şotlandiya polisi isə mesajları əsassız hesab etdiyini və məktəblərin yalnız elektron məktubların alınmasına görə təxliyə edilməsinə ehtiyac olmadığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu