Təcili tibbi yardım “taburcu” edilir: İxtisarlar, islahatlar və yeni mərhələ...
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində son aylarda gözəçarpan dəyişikliklər baş verir. Müşahidələr göstərir ki, bu istiqamətdə proseslər yalnız rəhbər dəyişikliyi ilə məhdudlaşmır. İdarəetmə mexanizmlərindən kadr siyasətinə, nəzarət sistemlərindən təcili yardıma əlçatanıq modelinə qədər bir sıra istiqamətlərdə yeniliklər tətbiq olunmaqdadır.
TTTYM-da gedən islahatlar haqda məlumatlıq olan şəxslərin AFN.az-a verdiyi məlumata görə, bu prosesin əsas təkanverici simaları hazırda Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Kravçenko Teymur Adıleviç və bu ilin iyulunda quruma inzibati məsələlər üzrə direktor müavini təyin edilən Fuad Nəbiyevdir. Yeri gəlmişkən, F.Nəbiyev buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışıb. Onun Agentlikdəki fəaliyyəti də bir sıra yeniliklər və islahatlarla yadda qalıb.
Kravçenko Teymur Adıleviç
Hər iki təyinatdan sonra Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində idarəetmə və iş proseslərinə daha sərt nəzarətin formalaşdığı bildirilir. Sürücülərin məzuniyyətə çıxması, yeni nəqliyyat vasitələrinin təhvil-təslimi, eləcə də işə qəbul kimi proseslərdə əvvəllər müzakirə olunan qeyri-qanuni ödənişlərin qarşısının alınmasına yönəlmiş tədbirlər həyata keçirildiyi də redaksiyamıza daxil olan məlumatlar arasındadır.
Mərkəzdə əmək və icra intizamının gücləndirilməsi yeni idarəetmə xəttinin əsas istiqamətlərindən birinə çevrilib. Nəzarətin yalnız inzibati göstərişlərlə deyil, rəqəmsal imkanlarla da gücləndirilməsi diqqət çəkir. GPS monitorinq sistemlərindən, proqram təminatlarından və digər rəqəmsal nəzarət vasitələrindən istifadənin genişləndirilməsi ilə həm nəqliyyat vasitələrinin, həm də iş proseslərinin daha yaxından izlənilməsi hədəflənir.
Fuad Nəbiyev
Bu dəyişikliklərin kadr siyasətinə təsiri isə daha çox müzakirə doğuran istiqamətlərdəndir. Mərkəzdə ixtisarlar aparılıb, eyni zamanda yeni əməkdaşların cəlb edilməsi həyata keçirilib. Başqa sözlə, proses yalnız ştatların azaldılması kimi təqdim olunmur – mövcud işçi strukturunun yenidən qurulması və müəyyən istiqamətlər üzrə kadrların yenilənməsi ilə müşayiət olunur. Dəyişikliklərin kökündə dayanan əsas səbəb isə əvvəlki rəhbərliyin dövründən qalan problemlərin (qohumluq, dostluq prinsipləri və. s) aradan qaldırılmasıdır.
Mərkəzdəki dəyişiklikləri yalnız daxili proseslərlə qiymətləndirmək də doğru olmaz. Son aylarda təcili tibbi yardım xidmətinin özündə də yeni modellər tətbiq edilməyə başlanıb. Belə ki, Azərbaycanda ilk dəfə təcili tibbi yardım xidmətinə motosikletlər cəlb olunub. “Ambucycle” adlandırılan bu modelin əsas məqsədi xüsusilə Bakıda sıx nəqliyyat olan ərazilərdə hadisə yerinə daha operativ çatmaqdır. Motosikletlə hərəkət edən feldşer hadisə yerinə təcili yardım avtomobilindən əvvəl çataraq ilkin tibbi müdaxiləni həyata keçirə, hospitalizasiya zəruri olduqda isə avtomobil briqadasının cəlb olunmasını təmin edə bilər. İlkin mərhələdə layihənin Bakı şəhərində pilot tətbiqi və 10 motosikletin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.
Təcili yardım xidmətinin operativliyinin artırılması istiqamətində bu addım da, Mərkəzin fəaliyyətində çağırışların qəbulu və yönləndirilməsi, briqadaların hərəkətinə nəzarət, GPS monitorinqi və digər rəqəmsal həllərin tətbiqi də eyni məqsədə – çağırışa daha sürətli və daha nəzarətli cavab verilməsinə xidmət edir.
Xidmətin gündəlik yükü də kifayət qədər böyük olaraq qalır. Məsələn, TƏBİB-in məlumatına görə, yalnız 2026-cı ilin iyulunda Bakı üzrə “103” Çağrı xidmətinə 64 814 müraciət daxil olub. Onlardan 57 776 nəfərə yerində ilkin yardım göstərilib, 6 956 nəfər hospitalizasiya olunub. Eyni zamanda 4 295 çağırış əsassız kimi qeydə alınıb.
Bu cür ağır şəraitdə idarəetmədə şəffaflığın artırılması, əmək və icra intizamının sərtləşdirilməsi, çağırışlara nəzarətin gücləndirilməsi və yeni texnologiyaların tətbiqi təcili yardım sisteminin gündəlik fəaliyyətinə birbaşa təsir edən məsələlərdir.
Digər tərəfdən, tibb işçilərinin əməkhaqqı ilə bağlı son dəyişiklik də bu mənzərənin mühüm hissəsidir. Sentyabrın 1-dən qüvvəyə minən yeni əməkhaqqı qaydalarına əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çalışan həkimlərin aylıq əməkhaqqının 1 550 manatdan 2 200 manata yüksəldilməsi nəzərdə tutulub. Bu dəyişiklik TƏBİB sistemində həyata keçirilən daha geniş əməkhaqqı islahatının tərkib hissəsidir.
Beləliklə, Mərkəzdə son aylarda bir-birindən ayrı görünən, əslində isə eyni idarəetmə xəttinin müxtəlif istiqamətlərini təşkil edən proseslər müşahidə olunur: kadr strukturunun yenilənməsi, intizam və nəzarətin sərtləşdirilməsi, rəqəmsal monitorinqin genişləndirilməsi, yeni xidmət modellərinin tətbiqi və tibb işçilərinin maddi stimullaşdırılması.
Bu dəyişikliklərin qarşıdakı dövrdə təcili tibbi yardımın keyfiyyətinə və vətəndaşların xidmətlə bağlı gündəlik təcrübəsinə necə təsir edəcəyini isə gələcək göstərəcək.

