İcbari tibbi sığorta olunmayan işsizlər cərimələnəcək? - AÇIQLAMA


Son günlərdə qeyri-formal şəxslərin aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.

Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

AFN.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı Qafqazinfo-ya açıqlama verib. Deputat bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır:

“Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu.

Bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər. Bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil. Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formal keçməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır.

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu