ABŞ gizli nüvə sınaqlarının aşkarlanması üçün yeni üsulları yoxlayır
ABŞ kiçik güclü nüvə partlayışlarının aşkarlanması və təhlili üçün yeni texnologiyaları sınaqdan keçirib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası məlumat yayıb. Sınaqlar Nevada ştatındakı poliqonda keçirilib. Mütəxəssislər xüsusi radioaktiv indikatorlardan istifadə etməklə nüvə olmayan kimyəvi partlayıcı maddələrin yeraltı partlayışını həyata keçiriblər. Əsas məqsəd gizli yeraltı partlayışları aşkarlayan sensorların sınaqdan keçirilməsi və analiz modellərinin dəqiqləşdirilməsi olub. Belə partlayışlar süxurlarda yaradılan yeraltı boşluqlar səbəbindən seysmik siqnalların zəifləməsi ilə müşahidə oluna bilər.
Qurum bildirib ki, akselerometrlər, seysmometrlər, infrasəs və elektromaqnit sensorlarından əldə edilən məlumatlar monitorinq üzrə hesablama alqoritmlərinin yenilənməsinə imkan verəcək. Bu məlumatların digər ölkələrin yeraltı nüvə sınaqlarının vaxtında müəyyənləşdirilməsi üçün istifadə olunacağı qeyd edilib.
