Britaniya Çini casusluq etməkdə ittiham edir



Britaniyanın daxili təhlükəsizlik qurumu MI5 Çin Ümumi Texnologiya Araşdırmaları İnstitutunun (CGTRI) Pekinin mülki kəşfiyyat xidməti olan Dövlət Təhlükəsizliyi Nazirliyi ilə çox güclü əlaqələrə malik olduğunu və süni intellekt kimi sahələrdə akademik tədqiqatları gizli şəkildə maliyyələşdirdiyini bildirən görünməmiş təhlükəsizlik xəbərdarlığı yayıb.

AFN.az xəbər verir ki, MI5 tərəfindən yayımlanan Casusluq Xəbərdarlığına əsasən, Britaniyada fəaliyyət göstərən 100-dən çox akademik Çinin casusluq sahəsində texniki imkanlarını birbaşa inkişaf etdirməyə yönəlmiş CGTRI tərəfindən dəstəklənən layihələrə töhfə verib.

Tədqiqatçıların süni intellekt, kibertəhlükəsizlik, məxfi rabitə sistemləri və məlumatların gizlədilməsi, yəni steqanoqrafiya kimi strateji sahələrdə araşdırmalar apardığı bildirilib.

Qurum MI5-in ilk dəfə müstəqil şəkildə ictimaiyyətə açıq xəbərdarlıq yayımladığını qeyd edib.

Çinin Londondakı səfirliyinin sözçüsü ittihamların xəyali və tamamilə uydurma olduğunu bildirərək iddiaları qəti şəkildə rədd edib.

Səfirliyin açıqlamasında Britaniya kəşfiyyat rəsmilərinə əsassız iddialar yaymaqdan əl çəkmək və iki ölkə arasındakı təhsil mübadiləsi ilə tədqiqat əməkdaşlığına zərər vurmağı dayandırmaq çağırışı edilib.

Bir çox akademik və qurumun CGTRI-nin Çin kəşfiyyatı ilə gizli əlaqələrindən xəbərsiz şəkildə, xoş niyyətlə əməkdaşlıq etmiş ola biləcəyi bildirilib.

Lakin MI5 bu qurumla əməkdaşlığı davam etdirən şəxslərin 2023-cü ildə qəbul edilmiş Milli Təhlükəsizlik Qanunu çərçivəsində xarici kəşfiyyata yardım cinayətləri ilə bağlı araşdırma riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Təhlükəsizlik naziri Den Cervis universitet rektorlarına məktub göndərərək əməkdaşların Çin təşkilatı ilə bütün əlaqələrini dayandırmasını təmin etmələrini istəyib.

Dan Cervis beynəlxalq tərəfdaşlıqların əhəmiyyətinə diqqət çəkərkən, milli təhlükəsizliyi hədəf alan təhdidlərə qarşı qətiyyətli addımlar atmağa davam edəcəklərini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu