ABŞ Çində istehsal olunan humanoid robotların idxalını qadağan etdi
ABŞ administrasiyası milli təhlükəsizlik risklərini əsas gətirərək xarici mənşəli yeni humanoid robotların və enerji çeviricilərinin ölkəyə idxalını qadağan edib.
AFN.az xəbər verir ki, qadağa qərarı humanoid və dördayaqlı qabaqcıl robot modellərini əhatə edir. ABŞ Federal Rabitə Komissiyası (FCC) məlumat mərkəzlərində və günəş panellərində istifadə olunan enerji çeviricilərinin də ABŞ iqtisadiyyatı və kritik infrastruktur üçün risk yaratdığını açıqlayıb.
FCC sədri Brendan Carr bildirib ki, qurum ABŞ-ın kritik təchizat zəncirlərinin qorunması istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirir. Yeni məhdudiyyətlər çərçivəsində sözügedən cihazlar milli təhlükəsizlik riski daşıyan məhsulların yer aldığı siyahıya əlavə olunub.
Mövcud modellər qadağadan təsirlənməyəcək.
Qəbul edilən qərar xarici ölkələrdə istehsal olunan və hələ FCC təsdiqi almamış yeni modellərə şamil edilir. Daha əvvəl təsdiqlənmiş və istifadədə olan mövcud modellərin satışı və ya idxalı isə davam edəcək.
FCC-nin açıqlamasında bildirilib ki, xarici mənşəli enerji çeviriciləri kiberhücumlar, məlumat oğurluğu və ya uzaqdan giriş kimi təhlükəsizlik zəifliklərinə səbəb ola bilər.
Həmçinin qeyd olunub ki, qabaqcıl robotlardan casusluq fəaliyyətlərində istifadə edilməsi və ya onların uzaqdan idarə olunaraq təhlükəsizlik riski yaratması ehtimalı mövcuddur.
Çindən qərara etiraz gəlib.
Qərara münasibət bildirən Çinin Vaşinqtondakı səfirliyi Pekinin ticarət məsələlərinin siyasiləşdirilməsinə və əsassız səbəblərlə sanksiyaların tətbiqinə qarşı olduğunu bəyan edib.
Səfirliyin açıqlamasında Çinin öz maraqlarını qorumaq üçün bütün zəruri addımları atacağı vurğulanıb. ABŞ-a hegemon düşüncədən əl çəkmək və Çin şirkətlərini hədəf almağa son qoymaq çağırışı edilib.
Son dövrdə Çin texnologiya şirkətləri fabriklər və məişət üçün nəzərdə tutulan humanoid robotların istehsalında sürətli inkişaf nümayiş etdirərək qlobal bazarda ön plana çıxıblar.
Vaşinqton administrasiyası isə süni intellekt və robot texnologiyaları sahəsində rəqabətdə milli təhlükəsizliyi və yerli istehsalı qorumaq məqsədilə məhdudiyyətlərini genişləndirməyə davam edir.
