Humanoid robotlar real iş həyatına hazırlanır
Süni intellekt və robototexnika texnologiyalarındakı sürətli inkişafla birlikdə bu il çox sayda robot istehsalçısı prototip mərhələsindən seriyalı istehsal və kommersiya istifadəsinə keçir.
AFN.az xəbər verir ki, 2026-cı il humanoid robotların laboratoriyalardan çıxaraq real iş həyatına girməyə başladığı bir il olub.
Bu proses robotların nə edə biləcəklərini göstərmək mərhələsindən realda nə edə bildiklərini sübut etmək mərhələsinə keçid kimi qiymətləndirilir. Ötən il dünya miqyasında təxminən 13 min humanoid robot istifadə edilmək üçün firmalara göndərilib. "Goldman Sachs"ın məlumatlarına görə, 2026-cı ildə bu sayın 50 min ilə 100 min arasında olacağı proqnozlaşdırılır.
Humanoid robotlar hava limanları, avtomobil zavodları, loqistika anbarları da daxil olmaqla çox fərqli sahələrdə tapşırıqları icra edə bilirlər.
2028-2030-cu illərin isə humanoid robotların gündəlik həyatda görünməyə başladığı bir dövr olacağı ehtimal edilir.
Humanoid robot texnologiyaları sahəsində bir çox firma fəaliyyət göstərir. ABŞ-ın Texas ştatında NASA-nın humanoid robot layihələrinə məsləhətçilik edən Texas Universitetinin iki akademiki və bir sahibkarın qurduğu "Apptronik" şirkəti iyunun sonunda yüzlərlə humanoid robotun səssizcə təlim keçdiyi, 8 min kvadratmetrdən böyük sahəyə malik və "robot məktəbi" kimi də xarakterizə edilən "Robot Park"ın açılışını edib.
Humanoid robot "Apollo"nu təkmilləşdirən firma 2023-cü ildə "Apollo 1"i, 2025-ci ilin fevralından bəri təlim keçən "Apollo 2"ni isə iyunda təqdim edib.
Sözügedən "Robot Park"da yüzlərlə humanoid robot 7 gün 24 saat prinsipi ilə inkişaf prosesinə cəlb olunur. Robotlara real həyatda istifadə edəcəkləri bacarıqlar öyrədilir.
"Robot Park"ın daxilində yüzlərlə "Apollo 2" robotu real müştəri məkanlarında qarşılaşacaqları tapşırıqları təkrar-təkrar yerinə yetirir. Loqistika, istehsal, pərakəndə satış və digər sənaye mühitləri üçün nəzərdə tutulan bu tapşırıqlar arasında qutuların konveyer lentlərinə yüklənməsi, oyuncaqların və alətlərin çeşidləmə qutularına ayrılması, əşyaların rəflərə düzülməsi, qablaşdırma, palet daşınması, inventar skan edilməsi və qapıların açılması kimi proseslər var.
Robotlar hamar olmayan səthlərdə gəzməyi, əşyaları tutub buraxmağı və insanlar üçün nəzərdə tutulmuş məkanlarda hərəkət etməyi də sınaqdan keçirirlər. Təsisat iki fərqli konfiqurasiyada olan "Apollo 2"ni eyni vaxtda işlədir. Təkərli versiya mövcud sənaye mobil robot təhlükəsizlik standartlarına uyğun olduğu üçün yüksək səmərəli operativ işlərdə, ikiayaqlı versiya isə insanlar üçün nəzərdə tutulmuş mürəkkəb məkanlarda gəziş performansını və etibarlılığını artırmaq üçün istifadə edilir.
Proseslər böyük ölçüdə operatorlar tərəfindən teleoperasiya metodu ilə idarə olunur.
Operatorlar robotların fiziki olaraq yanında dayanaraq idarəetmə interfeysi vasitəsilə onların hərəkətlərini real vaxt rejimində yönləndirir və izləyirlər. Robot operatorun hərəkətlərini təqlid edir və bu zaman bütün sensor məlumatları, kamera görüntüləri, oynaq mövqeləri, qüvvə ölçümləri saniyə-saniyə qeyd edilir.
Bu məlumatlar robotun "beyni" adlandırılan və "Google DeepMind"ın "Gemini Robotics" modelləri ilə inteqrasiyalı işləyən süni intellekt modelini təlimləndirmək üçün istifadə olunur. Operatorun etdiyi hər bir hərəkət robotun bənzər bir vəziyyətlə qarşılaşdıqda hansı addımı atacağını öyrənməsini təmin edən bir təlim nümunəsi formalaşdırır.
Zamanla süni intellekt modeli təkmilləşdikcə, robot daha az yönləndirməyə ehtiyac duyur və daha çox avtonom xarakter alır. Şirkət rəsmiləri bu sistemi davamlı öyrənmə dövrü kimi xarakterizə edirlər. Bu dövr çərçivəsində robotlar işləyir, məlumat toplayır və hər dövrdə real mühitdə, real tapşırıqlarla daha yaxşı vəziyyətə gəlirlər.
Əldə edilən bütün təcrübə və texnoloji nailiyyətlər yeni nəsil humanoid robotlara qapı açır.
Başlanğıcda istehsal və loqistika kimi kritik sektorlarda insanlarla birlikdə çalışmaq üçün nəzərdə tutulan robotlar bu sayədə səhiyyə xidmətləri, məişət həyatı və daha bir çox sahədə istifadə edilə biləcək şəkildə təkmilləşdirilir.

