Çin-ABŞ texnologiya yarışı qızışır: Süni intellekt strateji aktivdir
Çin və ABŞ arasındakı süni intellekt rəqabəti qlobal texnologiya və maliyyə bazarlarına təsir etməkdə davam edir.
AFN.az xəbər verir ki, Pekin rəhbərliyinin "Meta"nın Çin startapı olan "Manus"u satın almaq cəhdini dayandırması bu mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Vuhanda üç mühəndis tərəfindən qurulan "Manus" avtonom tapşırıqları icra edə bilən süni intellekt agenti ilə qısa müddətdə diqqəti cəlb etmişdi.
Lakin Çin hökuməti şirkətin rəhbərliyinə xaricə çıxış qadağası qoyub və araşdırmalar nəticəsində satış prosesinin investisiya qaydalarını pozduğu müəyyən edilib. "New York Times"ın təhlilinə görə, bu addım Çinin artıq süni intellekt texnologiyalarını açıq şəkildə strateji aktiv kimi gördüyünü sübut edir. Bu hadisə Vaşinqton və Pekin arasında qabaqcıl texnologiyalar üzərindən aparılan geosiyasi rəqabəti daha da dərinləşdirib.
Məlumatlara görə, Çin şirkətləri ilə xarici investorlar arasındakı müqavilələrin sayı 2021-ci ildən bəri kəskin şəkildə azalmaqdadır. 2024-cü ildə əməliyyatların sayı 73 faiz aşağı düşüb, ümumi həcm isə 54 milyard dollardan 7,8 milyard dollara geriləyib. Artan siyasi və tənzimləmə riskləri investisiya strategiyalarını da dəyişir.
Çin startapları daha çox yerli kapitala meyil edir, ABŞ mərkəzli fondlar isə Çin bazarından çəkilməyə başlayıb. Çin Kommunist Partiyasının mətbu orqanı olan "Global Times" isə qərarın təhlükəsizlik qayğıları ilə bağlı olduğunu, süni intellekt və data əsaslı müqavilələrin adi ticarət əməliyyatı sayıla bilməyəcəyini müdafiə edib. Ekspertlərə görə, Pekinin bu müdaxiləsi gələcəkdə bənzər texnoloji investisiyalara da birbaşa təsir göstərəcək.

