AB qurumlarının böyük hissəsinin ABŞ şirkətlərinin e-poçt xidmətlərindən istifadə edir
Hollandiya ictimai yayımçısı NOS Avropa İttifaqı (AB) qurumlarının təxminən dörddə üçünün e-poçtlarını ABŞ şirkətlərinin serverləri üzərindən yönləndirdiyini müəyyən edib.
AFN.az xəbər verir ki, araşdırma AB qurumlarının e-poçt xidmətlərində ABŞ texnologiya şirkətlərindən asılılığını ortaya qoyub.
NOS 70 AB qurumunun e-poçt göndərmək və qəbul etmək üçün istifadə etdiyi DNS (Domen Adı Sistemi) qeydlərini araşdırıb.
Nəticədə qurumların təxminən dörddə üçünün e-poçtlarını ABŞ şirkətlərinin serverləri üzərindən yönləndirdiyi müəyyən edilib.
AB Komissiyasının bir neçə ABŞ şirkəti tərəfindən təqdim edilən e-poçt xidmətlərindən istifadə etdiyi, Avropa Müdafiə Agentliyinin, bəzi maliyyə qurumlarının, terrorla mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınmasına cavabdeh qurumların bu sahədə Microsofta müraciət etdiyi, Avropa Mərkəzi Bankının isə başqa bir Amerika şirkətinə üstünlük verdiyi üzə çıxıb.
Xəbərdə bu vəziyyətin ABŞ kəşfiyyatının e-poçtları izləyə bilməsi və hökumətin xidmət göstərməsinin pozulması ehtimalı yarada biləcəyi bildirilib. Sözügedən nəticələrin AB-nin ABŞ texnologiya şirkətlərindən asılılığı ilə bağlı narahatlıqlarının artdığı bir vaxtda ortaya çıxması da diqqətə çatdırılıb.
AB Komissiyası NOS-un e-poçtların fiziki olaraq harada saxlanıldığı ilə bağlı sualını cavablandırmayıb.
Xəbərdə fikirlərinə yer verilən hollandiyalı Avropa Parlamenti üzvləri Bart Qrutheys və Kim van Sparrentak AB qurumlarının e-poçt xidmətlərinin avropalıların nəzarətində olması lazım olduğunu bildiriblər.
AB Komissiyasının açıqladığı Eurobarometer sorğusunun məlumatlarına görə, AB-də hər 4 işçidən 3-ü fişinq və proqram təminatına yönəlmiş hücumlar kimi kibertəhdidlərlə qarşılaşır.
İşçilərin qarşılaşdığı ən geniş yayılmış təhdid 39 faizlə fişinq olub. İşçilərin 15 faizi isə süni intellektlə dəstəklənən dələduzluq fəaliyyətinə məruz qalıb.


