Süni intellekt dəstəkli fırıldaqçılıq həyəcanı: 68 milyar dollarlıq itki
ABŞ-da aparılan yeni bir araşdırma süni intellekt və deepfake texnologiyalarından fırıldaqçılar tərəfindən istifadə edilməsinin ciddi həddə çatdığını ortaya qoyub.
AFN.az xəbər verir ki, "Gallup" və "Stop Scams Alliance"ın birgə tərəfdaşlığı ilə keçirilən sorğuya əsasən, ötən il ABŞ-da baş tutan fırıldaqçılıq əməllərinin 12 faizində süni intellekt texnologiyalarından istifadə olunub.
Yanvar və fevral aylarında 5173 yetkin şəxs arasında aparılan sorğunun nəticələri ABŞ-da yetkin əhalinin 6 faizinə bərabər olan təxminən 15 milyon insanın ötən il fırıldaqçıların qurbanı olduğunu göstərir.
Zərərçəkənlərin ifadələrinə əsaslanan araşdırmada süni intellektin istifadəsini müəyyən etməyin çətinliyi ucbatından real göstəricinin daha yüksək ola biləcəyi vurğulanır.
"Stop Scams Alliance"ın təsisçisi və baş icraçı direktoru Ken Vestbruk fırıldaqçıların mütəşəkkil cinayətkar şəbəkələr şəklində fəaliyyət göstərdiyini və texnologiyadan kütləvi hücumlar üçün istifadə etdiyini bildirib.
Vestbruk ötən il ABŞ-da fırıldaqçılıq səbəbindən yaşanan ümumi maddi itkinin 68 milyar dollara çatdığını, bu məbləğin qlobal bir aviaşirkətin illik gəlirinə bərabər olduğunu ifadə edib.
Tədqiqat ABŞ-dakı rəsmi qurumların məlumatları ilə real itkilər arasındakı böyük fərqi də üzə çıxarıb. İştirakçıların bəyan etdiyi ümumi zərər Federal Ticarət Komissiyasına (FTC) daxil olan şikayətlərdəki məbləğdən təxminən dörd dəfə çox olub.
Ekspertlər rəsmi orqanlara bildirilməyən hallar səbəbindən problemin miqyasının tam ölçülə bilmədiyini və bu vəziyyətin fırıldaqçılıqla mübarizə resurslarının qeyri-kafi qalmasına yol açdığını qeyd edirlər.
Sorğuda iştirak edənlərin 75 faizi fırıldaqçılıq qurbanı olmağın onların psixi sağlamlığı və rifahı üzərində mənfi təsirlər buraxdığını bəyan edib.
Vestbruk hesabatda yer alan "Fırıldaqçılığın emosional təsiri maliyyə təsirindən daha ağrılı ola bilər" qənaətinə diqqət çəkərək qurbanların yaşadıqları psixoloji sarsıntının dərinliyinə işarə edib.
Araşdırmanın önə çıxan digər məlumatlarına görə, hər 4 amerikalıdan 1-i yetkinlik həyatının müəyyən bir dövründə fırıldaqçılıqla qarşılaşdığını bildirir.
Zərərçəkənlərin 21 faizi fırıldaqçılıq səbəbindən ciddi, 46 faizi isə orta səviyyədə maliyyə çətinliyi yaşayıb.
Ən geniş yayılmış fırıldaqçılıq üsullarının başında 40 faiz göstərici ilə saxta internet saytları gəlir. Telefon, qısa mesaj və elektron poçt isə hadisələrin təxminən yarısında vasitə kimi istifadə olunur.
Fırıldaqçılıq halları azgəlirli şəxslər, azlıqlar və ali təhsili olmayan yetkinlər arasında daha yüksək səviyyədə müşahidə edilir.
