İsveçrə Alplarında buzlaqların həcmi 5 ildə 20 faizə yaxın azalıb



İsveçrə Alplarında buzlaqların həcminin son 5 ildə təxminən 20 faiz azaldığı açıqlanıb. 

AFN.az xəbər verir ki, İsveçrə Buzlaq Monitorinq Şəbəkəsi (GLAMOS) və İsveçrə Elmlər Akademiyasına (SCNAT) bağlı İsveçrə Kriosfer Müşahidə Komissiyası Alp dağlarında buzlaqların əriməsi ilə bağlı yeni hesabat yayımlayıb.

Hesabatda İsveçrədə may ayından sentyabr ayınadək davam edən güclü istilik dalğalarının və qar yağıntısının az olduğu qış mövsümünün buzlaqlar üçün daha bir dağıdıcı prosesə səbəb olduğu bildirilib.

İsveçrə buzlaqlarının 2026-cı ildə yenidən həddindən artıq əriməyə məruz qaldığı və buz kütləsinin 5 faizindən çoxunun yox olduğu qeyd edilib. Ayrı-ayrı buzlaqların orta qalınlığının 2,5-4 metr azaldığı, yay ərzində buzlaq dillərinin qalınlığının bəzi yerlərdə 10 metrədək azaldığı bildirilib. Son 5 ildə İsveçrədə buzlaq həcminin təxminən 20 faiz azaldığı vurğulanıb.

Hesabatda əvvəlki ildə olduğu kimi 2025-2026-cı ilin qışında da bütün yüksəkliklərdə qar örtüyünün qalınlığının uzunmüddətli orta göstəricidən xeyli aşağı olduğu bildirilib və bunun əsas səbəbinin yağıntıların az olması olduğu qeyd edilib.

Orta qar örtüyünün qalınlığı baxımından 2025-ci ilin noyabrından 2026-cı ilin aprelinədək davam edən qış mövsümünün ölçmələrin başladığı vaxtdan bəri ən az qar yağan 10 qış mövsümündən biri olduğu bildirilib. May ayından sentyabr ayınadək hər ay quraqlıq şəraiti və ən azı bir isti hava dalğası ilə müşayiət olunub. Bu aylarda donma həddi 76 gün ərzində 4 min metrdən yuxarı olub. Bunun orta göstəricidən iki dəfədən çox olduğu və rekord təşkil etdiyi vurğulanıb.

Hesabatda buzlaqların üzərindəki qoruyucu qar örtüyünün iyun ayında baş verən istilik dalğaları zamanı qismən yox olduğu, sentyabr ayına gəldikdə isə dəniz səviyyəsindən 3 min 500 metr yüksəklikdə belə qar qalmadığına diqqət çəkilib.

Alplardakı buzlaqların mövcud şəraitdə uzunmüddətli perspektivdə yaşamaq şansının olmadığı bildirilib. Bu vəziyyətin Bella Tola buzlağı və Griessfiren/Plattalvafirn kimi bir çox kiçik buzlağın yox olmasında özünü göstərdiyi qeyd edilib.

2026-cı il üzrə ölçmə dövrünün tarixdə qeydə alınan ən yüksək buzlaq əriməsi ili olan 2022-ci ildən dərhal sonra gəldiyi vurğulanıb.

Hesabatda temperaturun daha yüksək olmasına baxmayaraq, bir çox buzlaqda 2022-ci illə müqayisədə bir qədər çox qar toplanması səbəbindən həmin ilki itki səviyyəsinə tam çatılmadığı bildirilib. Həmçinin 2026-cı ildə qar səthinə daha az miqdarda Sahara tozu çökdüyü və bunun günəş işığının daha çox əks olunmasına imkan verdiyi qeyd edilib. Bununla belə, istisnaların olduğu, 2026-cı ildə Allalin, Clariden, Aletsch və Rhone kimi bəzi buzlaqlarda tarixdə qeydə alınan ən böyük ərimə miqdarlarının müşahidə edildiyi bildirilib.

İyul-sentyabr ayları arasında buzlaqların ümumilikdə təxminən 2 trilyon 200 milyard litr su itirdiyi qeyd edilib. Bu miqdarın İsveçrədəki bütün ev təsərrüfatlarının illik içməli su istehlakının 4 qatından çox olduğu bildirilib.

Hesabatda buzlaqların əriməsinin hazırda yay aylarında su çatışmazlığının azalmasına kömək etməyə davam etdiyi, lakin buzla örtülü ərazilər kiçildikcə bu təsirin artıq əhəmiyyətli dərəcədə zəiflədiyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu