Fransada La-Manş faciəsi ilə bağlı 13 insan qaçaqmalçısına həbs cəzası verildi
Fransada 2021-ci ildə La-Manş boğazında ən azı 31 qeyri-qanuni miqrantın həyatını itirdiyi faciə ilə bağlı 13 təqsirləndirilən şəxs 6 aydan 10 ilədək müddətə azadlıqdan məhrum edilib.
AFN.az xəbər verir ki, Paris Məhkəməsi insan qaçaqmalçılığı ilə bağlı iş üzrə qərarını açıqlayıb.
Məhkəmə ən azı 31 qeyri-qanuni miqrantın öldüyü hadisə ilə bağlı insan qaçaqmalçılığı ilə məşğul olan 4 iraqlı və 2 əfqan təqsirləndirilən şəxsi ehtiyatsızlıqdan ölümə səbəb olmaq ittihamı ilə 6 ildən 10 ilədək həbs cəzasına məhkum edib.
Məhkəmə iş üzrə mühakimə olunan digər 8 təqsirləndirilən şəxsdən birinin bəraətinə qərar verib, 7 nəfəri isə 6 aydan 4 ilədək müddətə azadlıqdan məhrum edib.
Məhkəmə həmin 7 təqsirləndirilən şəxsin əksəriyyətini Fransada miqrantların qanunsuz məskunlaşmasına kömək etdiklərinə görə də təqsirli bilib.
Məhkəmənin qərarında insan həyatına məhəl qoymadan tamahkarlıqla hərəkət edən şəxslərin 2021-ci ildə La-Manş boğazında misli görünməmiş faciəyə səbəb olduğu bildirilib.
Faciə ilə bağlı 7 fransız hərbçisi barəsində təhlükədə olan şəxslərə yardım etmədikləri əsası ilə aparılan araşdırma isə davam edir.
Fransadan İngiltərəyə La-Manş boğazı ilə keçməyə çalışan ən azı 31 qeyri-qanuni miqrant 24 noyabr 2021-ci ildə suda boğularaq həyatını itirib.
Aralarında 7 yaşlı qız uşağının da olduğu miqrantlar həddindən artıq yüklənmiş qayığa minmişdilər.
Həlak olanlar arasında İraq, Misir, Efiopiya, Somali və Vyetnam mənşəli miqrantlar olub.
Fransa və İngiltərənin təcili xilasetmə xidmətlərinə edilən çağırışlara baxmayaraq, faciədən yalnız bir iraqlı və bir somalili miqrant sağ çıxıb.

