Ağ Ev CNN-i mətbuat qrupundan çıxarıb
Ağ Ev CNN-in Texas və Oklahoma səfərlərini izləyəcək mətbuat qrupundan çıxarıldığını açıqlayıb. Bu addım federal hakimin administrasiyanın media qurumlarının Ağ Evə çıxışını məhdudlaşdırmaq cəhdinin qarşısını almasından sonra tərəflər arasında gərginliyi daha da artırıb.
AFN.az xəbər verir ki, daha əvvəl yayımlanan mətbuat rotasiyası sənədinə əsasən, CNN-in cümə axşamı keçiriləcək səfərdə iştirakı planlaşdırılırdı.
Lakin Prezident Donald Trampın Texas ştatının Denton şəhərində yük maşını istehsalı müəssisəsinə səfərini və daha sonra Oklahoma ştatının Durant şəhərində çıxışlarını əhatə edən gündəlik proqramda CNN-in mətbuat qrupunda yer almadığı məlum olub.
Qərar federal hakimin Tramp administrasiyasının CNN, MS NOW və Politico-nun Ağ Evə girişinə mane olmaq cəhdini dayandırmasından bir həftə sonra verilib.
Ağ Ev ötən həftəsonu Trampın Tennessi ştatına səfəri zamanı da CNN-in Air Force One təyyarəsinə minməsinə icazə verməmişdi.
CNN-in sözçüsü Emili Kun kanalın planlaşdırılan mətbuat qrupundan çıxarıldığını təsdiqləyib. Kanalın vəkili Teodor Butros isə qadağanın Konstitusiyanın Birinci Düzəlişinin və hüquqi proses prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirib.
Ağ Evin mətbuat qrupu yüksək vəzifəli şəxsləri izləyən, xərcləri və məlumatları paylaşan media qurumlarından ibarətdir.
Ötən həftə Fox News, ABC News, CBS News və NBC News kimi qrupun digər üzvləri də CNN-lə həmrəylik nümayiş etdirmək məqsədilə mətbuat qrupu üzrə vəzifələrini qısa müddətə boykot etmişdilər.
Tramp administrasiyası daha əvvəl Meksika körfəzini Amerika körfəzi adlandırmadığına görə Associated Press-i Oval kabinetdən və Air Force One təyyarəsindən uzaqlaşdırmışdı.
