Tramp: Cənubi Koreya ABŞ-da enerji layihələrinə 200 milyard dollaradək sərmayə yatıracaq
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-dakı iri enerji layihələrinə 200 milyard dollaradək sərmayə yatırmağı planlaşdırdığını bildirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə sözügedən investisiyalarla bağlı açıqlama verib.
Cənubi Koreyanın ABŞ-a 200 milyard dollaradək sərmayə yatıracağını bildirən Tramp bu investisiyalar çərçivəsində Texasda 6 giqavat gücündə elektrik enerjisi istehsalı müəssisəsi, 8 yeni iri nüvə elektrik stansiyası və Alyaskada LNG boru kəmərinin inşa ediləcəyini söyləyib.
Tramp ABŞ tarixində ən böyük enerji infrastrukturu investisiyalarından birini elan etməkdən böyük məmnunluq duyduqlarını bildirib.
Tramp açıqlanan investisiya paketinin ABŞ-ın kritik enerji təchizatı zəncirinin təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sahəsində üstünlüyünün möhkəmləndirilməsi, Cənubi Koreya və bütün Sakit okean regionu ilə tərəfdaşlığın əvvəlkindən daha da gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edib. O, Cənubi Koreyanın əldə olunan ticarət razılaşması çərçivəsində yüz milyardlarla dollar sərmayə yatırmalı olduğunu, bunun müqabilində isə ölkəyə tətbiq edilən tarif dərəcəsini aşağı saldığını xatırladıb.
Tramp Texasda inşa ediləcək təbii qaz elektrik stansiyasının dünyada indiyədək inşa edilmiş ən böyük stansiyalardan biri olacağını bildirib. O, ölkə üzrə inşa ediləcək 8 yeni nüvə reaktorunun da ABŞ-ın dünyanın aparıcı nüvə enerjisi istehsalçısı mövqeyini möhkəmləndirəcəyini deyib.
Alyaska LNG boru kəmərinə də toxunan Tramp bu xəttin gündə təxminən 4 milyard kub fut LNG nəqlini təmin edəcəyini bildirib.
Ağ Evin sosial media hesabında yayılan məlumata görə, sözügedən investisiyanın minlərlə insan üçün iş yeri yaratması və amerikalıların enerji xərclərini azaltması gözlənilir.
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin iyulunda Cənubi Koreya ilə ticarət razılaşmasına gəldiklərini bildirərək, bu ölkənin ABŞ-a 350 milyard dollar sərmayə yatıracağını açıqlamışdı.
Cənubi Koreyada da iyun ayında ABŞ-a 350 milyard dollarlıq investisiya öhdəliyini nəzərdə tutan Koreya-ABŞ Strateji İnvestisiyaların İdarə Edilməsi üzrə Xüsusi Qanunun tətbiqinə dair qərar qəbul edilmişdi.
İnvestisiya paketində gəmiqayırma sahəsində əməkdaşlıq üçün 150 milyard dollar, digər strateji sektorlar üzrə əməkdaşlıq üçün isə 200 milyard dollar sərmayə nəzərdə tutulmuşdu.
