Cənubi Koreya və ABŞ nüvə yanacağı üzrə birgə müəssisə yaradır
Cənubi Koreya prezidenti Li Ce Myunq ABŞ prezidenti Donald Trampla birlikdə ölkədə işlənmiş nüvə yanacağının təkrar emalı və uran zənginləşdirmə fəaliyyətləri üçün birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb.
"The Chosun Daily" qəzetinin xəbərinə görə, Li Seulda keçirdiyi mətbuat konfransında ölkənin nüvə sahəsində atdığı addımlarla bağlı məlumat verib.
Li bildirib ki, Tramp Cənubi Koreyada işlənmiş nüvə yanacağının təkrar emalı, uran zənginləşdirmə fəaliyyətlərinin aparılmasını və iki ölkə arasında 50-yə 50 nisbətində birgə müəssisənin yaradılmasını təklif edib.
Prezident qeyd edib ki, birgə təşəbbüslə bağlı aparılan danışıqlar müsbət keçir və növbəti mərhələlərə nəzarət üçün ABŞ ticarət naziri Hovard Lutnik təyin olunub.
Li həmçinin bildirib ki, Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqların inkişaf planı 29 oktyabrda Trampla imzalanmış müqavilənin bir hissəsi olaraq ABŞ tərəfindən təsdiqlənib.
İki ölkə arasında imzalanmış ticarət və təhlükəsizlik müqavilələri üzrə birgə memorandumda Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar tikmək planının və işlənmiş nüvə yanacağının təkrar emalı təklifinin ABŞ-ın təsdiqini tələb edən yeni təhlükəsizlik müddəaları da yer alıb.
