ABŞ İran nümayəndə heyətinin ölkədən dərhal ayrılmasını tələb edib - İDDİA
ABŞ-ın danışıqların dalana dirənməsindən sonra İran nümayəndə heyətindən ölkəni tərk etməsini istədiyi iddia olunub.
AFN.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonla Tehran arasındakı danışıqların nəticəsiz qalmasının ardından İranın xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini istəyib.
Axios xəbər platformasına danışan ABŞ rəsmisi Ağ Evin 28 sentyabr bazar ertəsi səhər saatlarında İranla danışıqlarda gün ərzində irəliləyiş əldə edilə biləcəyini düşündüyünü, lakin günortadan sonra danışıqların dalana dirəndiyi qənaətinə gəldiyini iddia edib.
Bunun ardınca Rubionun göstərişi ilə həmin gün axşam Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün ölkədə olan Əraqçi və onunla birlikdəki nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etmələrinin istənildiyi bildirilib.
İran nümayəndə heyətinin bir neçə saat sonra hava limanına gedərək Qətərin paytaxtı Dohaya uçan təyyarəyə mindiyi qeyd edilib.
Associated Press (AP) agentliyinə danışan və adlarının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi də Əraqçinin əvvəlcə 30 sentyabra qədər Nyu-Yorkda qalmasının planlaşdırıldığını iddia edib.
Rəsmilər bu müddət ərzində Əraqçinin Hörmüz boğazının yenidən açılması, qarşıdurmaların dayandırılması və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa edilməsi məqsədilə ABŞ-la dolayı görüşlər keçirməsinin nəzərdə tutulduğunu bildiriblər.
Həftəsonu Qətərli vasitəçilərin də iştirak etdiyi təmaslarda məhdud irəliləyiş əldə edildiyini qeyd edən rəsmilər Rubionun səbrinin tükəndiyini və İran nümayəndə heyətindən dərhal ölkədən ayrılmasını istədiyini iddia ediblər.
İranın BMT yanında Daimi Nümayəndəliyinin ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı hesabından məsələ ilə bağlı açıqlama verilib.
Açıqlamada nümayəndə heyətinin ABŞ tərəfindən Nyu-Yorkdan ayrılmağa məcbur edildiyi barədə iddialar rədd edilib və heyətin sentyabrın 17-də ABŞ Dövlət Departamentinə əvvəlcədən bildirildiyi kimi, planlaşdırılmış proqram çərçivəsində bazar ertəsi axşam ölkədən ayrıldığı bildirilib.
