İran və ABŞ arasında Omanda keçirilən görüşlər başa çatdı
İran və ABŞ arasında Omanın paytaxtında keçirilən dolayı danışıqlar yekunlaşıb. Tərəflər hələlik görüşlərin nəticəsi barədə rəsmi açıqlama verməyiblər.
İran dövlət televiziyasının məlumatına görə, Omanın paytaxtı Maskatda Bakı vaxtı ilə təxminən saat 12:00-da başlayan ABŞ-İran görüşləri tamamlanıb və İranın nümayəndə heyəti iqamətgahlarına qayıdıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin görüşlərin hələlik başa çatdığını bildirdiyini və hər iki ölkənin nümayəndə heyətlərinin vətənlərinə qayıtmasının planlaşdırıldığı çatdırılıb.
Müzakirə masasında kimlər var idi?
Tərəflər hələlik danışıqların nəticəsi ilə bağlı məlumat paylaşmasalar da, heyətlərin tərkibi diqqət çəkib. Xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi heyətdə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Rəvançi, iqtisadi məsələlər üzrə müavin Həmid Qənbəri və hüquq məsələləri üzrə müavin Kazım Qəribabadi iştirak edib.
ABŞ-ı Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. Onunla birlikdə Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper də heyətdə yer alıb.
Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Əraqçi ilə Vitkoff arasında mesajların ötürülməsində vasitəçilik missiyasını yerinə yetirib.
