Aİ 9 oyun şirkətini araşdırır – virtual valyutalar diqqətdə
Avropa İttifaqı (Aİ) Candy Crush Saga, Minecraft və Clash of Clans kimi oyunlarda virtual valyutalarla edilən alışların istehlakçı hüquqlarına uyğunluğunu araşdırmaq üçün 9 oyun şirkəti ilə bağlı araşdırma başladıb.
AFN.az xəbər verir ki, Aİ Komissiyasının açıqlamasına görə, milli istehlakçıların müdafiəsi qurumlarından ibarət İstehlakçıların Müdafiəsi üzrə Əməkdaşlıq (CPC) şəbəkəsi oyunçuların hüquqlarını gücləndirmək məqsədilə videooyun şirkətlərinə qarşı əlaqələndirilmiş araşdırmalar açıb.
Araşdırmalarda oyun daxili məhsulların və virtual valyutaların real pul qarşılığının açıq şəkildə göstərilib-göstərilmədiyi qiymətləndiriləcək. Müxtəlif virtual valyutalar və onların bir-birinə çevrilməsi vasitəsilə alışların real dəyərinin gizlədilməməsinin təmin edilməsi də araşdırılacaq.
Oyunçuların oyunda irəliləmək və ya oyundan yararlanmaq üçün ehtiyaclarından artıq virtual valyuta almağa yönləndirilib-yönləndirilməməsi də nəzərdən keçiriləcək.
Şirkətlərin alışdan əvvəl oyunçulara aydın və başadüşülən məlumat verməsi, istifadə olunmamış virtual valyutalar da daxil olmaqla 14 günlük imtina hüququ barədə məlumatlandırma aparması və ədalətli müqavilə şərtləri təqdim etməsi araşdırılacaq.
Xüsusilə uşaqlar kimi həssas istehlakçı qruplarının zərərli tətbiqlərdən qorunmasına yönəlmiş tədbirlər də qiymətləndiriləcək.
Araşdırmalar Crytek, InnoGames, King, Mojang, Plarium Europe, PLR Worldwide Sales, Riot Games, Supercell və Ubisoft şirkətlərini əhatə edir.
Candy Crush Saga, Minecraft, Clash of Clans, Hunt: Showdown 1896, Forge of Empires, Mech Arena, Gardenscapes, Valorant və For Honor oyunları da araşdırmaya cəlb ediləcək.
CPC şəbəkəsi ötən il oyun daxili virtual valyutaların istifadəsində şəffaflıq və ədalətin təmin edilməsinə yönəlmiş prinsiplər əsasında sektorla müzakirələrə başlamışdı. Müzakirələrdən kifayət qədər nəticə əldə edilməməsindən sonra aparılan bazar araşdırmasında sözügedən oyunların daha ətraflı incələnməsinin zəruri olduğu müəyyənləşdirilmişdi.
Digər tərəfdən, Activision Blizzard UK şirkətinin Diablo Immortal və Call of Duty Mobile oyunları ilə bağlı ayrıca araşdırma aparılır.
Bu araşdırmada virtual valyutaların satışı ilə yanaşı, şəxsi məlumatların toplanması, oyunların asılılıq yarada biləcək dizaynları, valideyn nəzarəti parametrləri, uşaqlara birbaşa marketinq və oyun hesablarının bloklanması kimi tətbiqlər nəzərdən keçirilir.
Aİ Komissiyasının İstehlakçıların Müdafiəsinə cavabdeh üzvü Maykl Makqrat açıqlamasında avropalıların təxminən yarısının videooyun oynadığına diqqət çəkərək, sektorun xüsusilə uşaqları zərərli və ya ədalətsiz tətbiqlərdən qorumasının vacibliyini bildirib.
Makqrat bildirib ki, oyun ədalətli olmalı və qaydalara əməl edilməlidir. Onun sözlərinə görə, milli qurumlar Aİ Komissiyasının dəstəyi ilə bu qaydaların tətbiqini təmin edəcək.




