Aİİ və İran üçillik ticarət-iqtisadi əməkdaşlıq yol xəritəsi imzalayıb

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran üçillik ticarət-iqtisadi əməkdaşlıq yol xəritəsi imzalayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnyov bildirib. Onun sözlərinə görə, sənəd nəqliyyat-logistika, xüsusilə “Şimal–Cənub” dəhlizi, “yaşıl gömrük dəhlizləri”, rəqəmsallaşma və elektron tranzitə keçid kimi əsas istiqamətləri əhatə edir.
Nazir bildirib ki, İran idxal məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb və bu, Aİİ ölkələri üçün unikal üstünlüklər yaradıb. O həmçinin halal məhsulların sertifikatlaşdırılması barədə razılaşmanın da imzalandığını qeyd edib. Bu sənəd İslam standartlarına uyğun prosedurların sadələşdirilməsi və gömrük əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.
Tərəflər texniki baryerlərin aradan qaldırılması və standartların uyğunlaşdırılması, həmçinin elektron ticarətin inkişafı barədə də razılığa gəliblər. Nazir vurğulayıb ki, böyük onlayn platformalar arasında dialoq başlanıb və yaxın vaxtlarda İran mallarının Aİİ bazarlarında, ittifaq ölkələrinin məhsullarının isə İranın elektron ticarət meydançalarında daha çox görünməsi gözlənilir.
Qeyd edək ki, Aİİ ilə İran arasında azad ticarət haqqında tamformatlı saziş 2025-ci il mayın 15-də qüvvəyə minib. Sazişin icrası qarşılıqlı ticarəti iki dəfə artıraraq dövriyyəni 12 milyard dollara çatdırmağı hədəfləyir. Slepnyov bildirib ki, bu ilin əvvəlindən bəri ticarət dövriyyəsi 16 faiz artıb və bu, müsbət nəticələrin artıq özünü göstərdiyini sübut edir.