"Aztelekom" tarana gedir: Qurum minimal 100 Mbit/s sürət vermək iqtidarında deyil - EKSPERT
Baxıram ki, "Aztelekom" tarana gedir.
AFN.az-ın xəbərinə görə, bunu İT üzrə mütəxəssis Osman Gündüz deyib. "Açıqlayıblar ki, deyilənlər düzdür, amma dövlət provayderi də olsaq qiymətləri 40% qaldıracağıq. Gətidikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir" - deyə ekspert internet tariflərinin qaldırılmasına münasibət bildirərkən qeyd edib: "Aztelekom"un tarana getməsi ilk öncə onun göstəricisidir ki , hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir, o da müstəqil deyil.
"Aztelekom" nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən. Sonuncu ilə məhz bu tip məslələrlə bağlı məhkəmə çəkişməsindədir.
Belə olan halda nə etməli? Düşünürəm ki , yenicə magistral (backbone) statusu qazanan "Aztelekom"un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur. İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb "Aztelekom"un elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, "Aztelekom"da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur.
Açıqlasın görək "Aztelekom "hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin "Aztelekom" bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var.
"Aztelekom" güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.
Bununla o uzağa gedə biləcəkmi? Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən".