İtaliyada güclü istilər nəticəsində 2 nəfər həyatını itirib


İtaliyada son günlər təsirini artıran güclü istilər gündəlik həyatı mənfi şəkildə təsir etməyə başlayıb. Bu gün ölkədə 2 nəfərin yüksək temperatur səbəbilə həyatını itirdiyi bildirilib.



İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, ölkənin cənubundakı Palermo şəhərində 53 yaşlı bir qadın küçədə halı pisləşdikdən sonra vəfat edib. Qadının ürək problemləri olduğu və yüksək temperaturun onun ölümünə səbəb olduğu qeyd olunub.



İkinci ölüm halı isə ölkənin şimalında yerləşən Bolonya şəhərinin yaxınlığında baş verib. Burada bir avtodayanacaq tikintisində işləyən 47 yaşlı miqrant mənşəli bir işçi istilərdən halı pisləşib, yerə yıxılaraq hadisə yerində həyatını itirib.



Bundan başqa Vicenza şəhəri yaxınlığında yerləşən bir tikinti sahəsində 2 işçinin istidə işləyərkən halının pisləşdiyi, onlardan birinin komaya düşdüyü açıqlanıb.



Bütün bu hadisələrdən sonra ölkədəki həmkarlar ittifaqları günorta saatlarında, xüsusilə istilərin ən güclü olduğu vaxtlarda işlərin dayandırılması çağırışı ediblər.



İtaliyanın Əmək Naziri Marina Kalderone isə iş yerlərində hava şəraiti ilə bağlı risklərin azaldılması üçün təhlükəsizlik tədbirləri ilə bağlı ümumi sərəncam dərc etməyə hazırlaşır.



Ölkə üzrə istilərdən təsirlənənlərin, xüsusilə də istilik vurması şikayəti ilə təcili yardım şöbələrinə müraciət edənlərin sayının artdığı qeyd olunub.



Florensiya və Berqamo şəhərlərində isə yüksək temperatur və artan enerji sərfiyyatı səbəbilə elektrik kabelləri həddən artıq qızıb, nəticədə hər iki şəhərdə müəyyən müddətə elektrik kəsintiləri baş verib.



Gözlənilən təhlükə səbəbilə İtaliya Səhiyyə Nazirliyi günəşdən qorunma yolları ilə bağlı maarifləndirici məlumatlar yaymağa davam edir. 2 iyul tarixi üçün ölkənin 18 şəhərində yüksək temperatur səbəbilə "qırmızı xəbərdarlıq" (red alert) elan olunub.



Digər tərəfdən, ölkənin mərkəz və cənub bölgələri istidən qovrularkən, şimal-qərbdəki Piyemonte və Lombardiya bölgələrinin yüksək ərazilərində isə mevsim normallarının üzərində yağan yağışlar nəticəsində yerli daşqınlar və torpaq sürüşmələri baş verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu