ABŞ USAID-in xarici yardımını rəsmən dayandırır


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) xarici yardım proqramlarını rəsmən dayandıracaq.



AFN.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio verdiyi yazılı açıqlamada bildirib. O qeyd edib ki, müvafiq təşəbbüslərə artıq Dövlət Departamenti nəzarət edəcək.



“İyulun 1-dən etibarən Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi xarici yardımını rəsmən dayandıracaq. Administrasiyanın siyasətlərinə uyğun gələn və Amerikanın maraqlarına xidmət edən proqramlar Dövlət Departamenti tərəfindən idarə olunacaq. Dövlət Departamenti bu proqramların daha ​​çox hesabatlılıq, səmərəlilik və düşünülmüş şəkildə həyata keçirilməsini təmin edəcək" - deyə Rubionun açıqlamasında bildirilir.



Dövlət katibi vurğulayıb ki, ABŞ-ın xarici siyasəti “Öncə Amerika” prinsipinə uyğun olmalıdır: “Amerikanın həyati əhəmiyyət kəsb edən humanitar yardım göstərmək və iqtisadi inkişafı təşviq etmək üzrə uzunmüddətli öhdəliyi xarici siyasətimizdə Öncə Amerika prinsipi ilə öz əksini tapmalıdır. Bizim vergi ödəyicilərinin vəsaitləri uzaq ölkələrdə uğursuz hökumətlərin maliyyələşdirilməsinə sərf edilməməlidir. Gələcəkdə yardımımız məqsədyönlü olacaq və zamanla məhdudlaşacaq".



Rubio bildirib ki, agentlik uzun illər ərzində vergi ödəyicilərinin vəsaitlərinin demək olar ki, tükənməz büdcəsinə malik olub, lakin eyni zamanda soyuq müharibədən sonra əhəmiyyətli nəticələr əldə etməyib. O, həmçinin inkişaf məqsədlərinə nadir hallarda nail olunduğunu, qeyri-sabitliyin tez-tez pisləşdiyini və anti-Amerika əhval-ruhiyyəsinin yalnız artdığını qeyd edib. Dövlət katibinin sözlərinə görə, əhəmiyyətli miqdarda Amerika yardımı alan ölkələr adətən, eyni şəkildə cavab vermirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu