Dövlət Komitəsində Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edən memorandum imzalanıb.


Memorandumu Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar. Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi nəticəsində məcburi köçkünlərin beynəlxalq normalara əsaslanan hüquqlarından istifadə etməklə doğma yurdlarına qayıtmasına şərait yaranıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov əhalinin həssas kateqoriyalarından olan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin onların fəaliyyətlərində mühüm yer tutduğunu bildirib. O, kollegiya üzvlərinin iştirakı ilə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bir neçə qəsəbədə hüquqi yardım tədbirlərinin keçirildiyini xatırladıb. Qeyd edib, artıq məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün məqsədyönlü iş aparılır.
Tədbirdə Vəkillər Kollegiyasının beş illik fəaliyyətinə həsr olunan təqdimat nümayiş etdirilib.
Daha sonra Dövlət Komitəsinin sədrinə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı təqdim edilib.
Memorandum çərçivəsində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım və hüquqi maarifləndirmə tədbirlərinin təşkili edilməsi, mövcud səlahiyyətlər daxilində cəmiyyət üçün aktual olan məsələlərin həllində birgə iştirak, həmçinin beynəlxalq layihələrdə əməkdaşlıq nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu